Zelenski mənə sülh istədiyini açıq şəkildə bildirdi - Tramp

 13:33 17.12.2024     77

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq niyyətində olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, tramp bunu öz iqamətgahında jurnalistlərlə görüşü zamanı deyib.

O, həmçinin iddia edib ki, Kiyev Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəklərini ifadə edib.

“Mən bu yaxınlarda Parisdə ölkəmizi təmsil edirdim və bizə böyük hörmətlə yanaşırdılar. Hörmətini bildirməyə gələnlərdən biri də, bildiyiniz kimi, ukraynalı prezident Zelenski idi. O, sülh istədiyini açıq şəkildə bildirdi və sülh üçün çalışır”, - Tramp bildirib.

Onun sözlərinə görə, Zelenski sövdələşmə etməlidir, çünki hazırda müharibədə çox insan ölür. Tramp üstəlik vurğulayıb ki, Moskva da güzəştlərə hazır olmalıdır.

Tramp dəfələrlə Ukrayna böhranı da daxil olmaqla, münaqişələrə son qoymaq niyyətində olduğunu bəyan edib.

Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, indi danışıqlar üçün heç bir ilkin şərt yoxdur, çünki Ukrayna tərəfi özü onlardan qaçır və onları istisna edir.