Əksər polyaklar Ukrayna torpaqlarını verməklə sülh razılaşmasını DƏSTƏKLƏYİR

 13:41 18.12.2024     108

Polşalıların əksəriyyəti ilk dəfə olaraq Ukraynada müharibənin ərazilərdən imtina yolu ilə başa çatmasını dəstəkləyir. 

Redaktor.az xəbər verir ki, bu barədə Polşa radiosu Polşa İctimai Rəy Tədqiqatları Mərkəzinin (CBOS) sorğusuna istinadən məlumat yayıb.

Sorğu göstərib ki, respondentlərin 55%-i müharibənin dayandırılması üçün Ukraynanın öz ərazilərindən imtina etməli olduğunu düşünür. 2024-cü ilin sentyabrında bu fikri respondentlərin 39%-i, apreldə isə cəmi 26%-i dəstəkləyib.

CBOS-dan qeyd edilib ki, bu dəyişiklik uzun sürən müharibədən yorulmanın artdığını nümayiş etdirir. Əvvəllər Polşa vətəndaşları Ukraynanın öz mübarizəsini davam etdirməsini dəstəkləyirdi.

Sorğunun nəticələri onu da göstərir ki, Polşada əsasən 18-24 yaş arasında olan gənclər, kiçik şəhərlərin sakinləri, aşağı təhsil səviyyəsinə malik şəxslər və mühafizəkar baxışları olan polyaklar danışıqlar yolu ilə sülhü daha çox dəstəkləyirlər.

Eyni zamanda, ukraynalılar fərqli düşünürlər. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMIS) keçirdiyi sorğu göstərib ki, ukraynalıların demək olar üçdə ikisi "lazım olduğu qədər" müharibəyə dözməyə hazırdır. Bu göstərici 2023-cü ilin sonunda 73% olduğu halda, 2024-cü ilin oktyabrında 63%-ə enib. Bununla belə, respondentlərin böyük əksəriyyəti hələ də ərazi güzəştlərini qəti şəkildə rədd edir.