Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir - Quterreş

 23:10 19.12.2024     64

Suriya dünyanın ən böyük humanitar böhran regionlarından biri olaraq qalır. Suriya xalqını və İdlibdəki müqaviməti dəstəkləyən Türkiyə, ölkədəki tərəfləri əhatəli dialoqa razı salmaqda mühüm rol oynaya bilər.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Nyu-Yorkda təşkilatın qərargah binasında jurnalistlərin Suriyadakı proseslərlə bağlı suallarını cavablandırarkən deyib.

Suriyanın şimal-şərqində davamlı atəşkəs üçün şəraitin yaradılmasının vacibliyinə diqqət çəkən Quterreş İŞİD-in terror fəaliyyətlərinin qarşısının alınmasının zəruri olduğunu qeyd edib. Quterreş Suriyaya qarşı sanksiyaların ləğvindən də danışıb. Bildirib ki, sanksiyalar Bəşər Əsəd rejiminə tətbiq edilib və ölkədə vəziyyət son hadisələrlə dəyişib.

BMT rəsmisi regionda sabitliyin qorunması üçün bir sıra liderlərlə sıx əlaqədə olduğunu deyib: "Son eskalasiya bu ehtiyacları daha da artırdı. BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçeri yardımın daşınmasına kömək etmək üçün Suriyaya göndərdim. Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir və təcavüzə dərhal son qoyulmalıdır. Bu, həlledici məqamdır – ümid var və tarix anıdır, həm də böyük qeyri-müəyyənlikdir. Bəziləri vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Amma Suriya xalqının yanında olmaq beynəlxalq ictimaiyyətin borcudur".