Pentagon Suriyada 2 min ABŞ hərbçisinin olduğunu AÇIQLADI
Suriyada hazırda 2 min ABŞ hərbçisi var və bu, daha əvvəl açıqlanan rəqəmdən yüksəkdir.
Redaktor.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentagon) sözçüsü, general-mayor Patrik Rayder Suriyadakı ABŞ hərbi qüvvələri ilə bağlı açıqlama verib.
“Suriya ilə bağlı davamlı olaraq 900 hərbçimizin olduğunu deyirik. Lakin son məlumatlara görə, bu rəqəm daha çoxdur və hazırda Suriyada 2 min ABŞ hərbçisi yerləşdirilib”, – deyə Rayder vurğulayıb.
Onun sözlərinə görə, əlavə 1100 hərbçi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasındakı dəyişkən əməliyyat ehtiyaclarını qarşılamaq üçün müvəqqəti olaraq 30-90 gün müddətinə bölgədə yerləşdirilən rotasiya qüvvələridir.
Digər 900 hərbçi isə adətən 9-12 aylıq müddətdə icra edilən uzunmüddətli missiyalarda iştirak edən “əsas qüvvə” hesab olunur.
Rayder qeyd edib ki, şəxsi heyətin sayında bu cür dalğalanmalar tez-tez müşahidə edilir və əlavə qüvvələr Bəşər Əsəd rejiminin 8 dekabrda devrilməsindən sonra ərazidədir.
Seymur BƏNNAYEV