Suriyada rejim qüvvələri silahlarını təhvil verməyə davam edir

 19:42 23.12.2024     86

Suriyada 61 illik Bəşər Əsəd rejiminin devrilməsindən sonra müvəqqəti hökumət tərəfindən qurulan "şəxsiyyətin müəyyənləşdirilməsi və barışıq mərkəzlərində" rejim əsgərlərinin və təhlükəsizlik strukturlarının silahlarını təhvil verərək qeydiyyatdan keçməsi prosesi davam edir.

Redaktor.az xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqin Məzze bölgəsində yerləşən hərbi səfərbərlik məntəqəsi yeni hökumət tərəfindən barışıq və şəxsiyyətin müəyyənləşdirilməsi mərkəzi kimi istifadə olunur. Məntəqənin dəmir darvazası qarşısında çox sayda insan növbə gözləyir. Növbəyə yazılanlar adları səsləndirildikdən sonra içəri buraxılır.

Mərkəzin girişində növbədə gözləyənlər əvvəlcə silahları varsa onları kənara qoyur, sonra Bəşər Əsədin şəklinin əks olunduğu tablonun üzərinə basaraq binaya daxil olur.

İçəridə Suriyanın yeni hökumət nümayəndələri şəxslərin kimlik məlumatlarını, yaşadıqları bölgəni və keçmiş rejimdə aldıqları vəzifələri qeydə alır. Daha sonra həmin şəxslərin şəkilləri çəkilir və sənədləri təqdim olunur.

Qeydiyyatdan keçən şəxslərə üç aylıq müvəqqəti şəxsiyyət vəsiqəsi verildiyi və bunun sayəsində ölkə daxilində təhlükəsiz şəkildə hərəkət edə biləcəkləri bildirilir.

Seymur BƏNNAYEV