İsrailin jurnalistləri öldürməsi mətbuatı qorxutmaq məqsədi daşıyan hərbi cinayətdir - HƏMAS
HƏMAS İsrailin Qəzza zolağında 5 fələstinli jurnalisti hədəf alan hücumunu “mətbuatı qorxutmaq məqsədi daşıyan dəhşətli müharibə cinayəti” kimi qiymətləndirib.
Redaktor.az xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada: "Qəzzanın mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinə edilən hücumları işıqlandıran 5 fələstinli jurnalistin işğalçı ordu tərəfindən öldürülməsi dəhşətli bir müharibə cinayətidir", - deyə qeyd olunub.
Bəyanatda İsrailin hücumunun Fələstin xalqına qarşı etnik təmizləmə və müharibə cinayətlərini xəbər verən jurnalistləri qorxutmaq məqsədi daşıdığı vurğulanıb və əlavə edilib: "Jurnalistlər işğalçının xalqımıza qarşı törətdiyi dəhşətli cinayətləri sənədləşdirmək üçün peşə və humanitar vəzifələrini davam etdirəcəklər".
Bəyanatda, həmçinin fələstinli jurnalistlərin İsrailin hücumlarında şəhid olan həmkarlarının yolunu tamamlayacaqlarına diqqət çəkilərək, beynəlxalq media qurumlarını İsrailin fələstinli jurnalistlərə qarşı cinayətlərinə qarşı tədbir görməyə çağırıb.
Bəyanatda həmçinin Fələstin xalqına qarşı cinayət törədən İsrail rəsmilərinin və jurnalistlərin beynəlxalq məhkəmələrdə mühakimə olunması tələb edilib.
Seymur BƏNNAYEV