Rusiyadan İngiltərə haqqında gərginliyi artıracaq İDDİA

 22:49 28.12.2024     150

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR), İngiltərə kəşfiyyatının Suriyadakı Rusiya hərbi bazalarına qarşı terror hücumları təşkil etməyi planlaşdırdığını iddia edib.

Redaktor.az xəbər verir ki, SVR tərəfindən yayımlanan açıqlamada, ABŞ və İngiltərənin Suriya ilə bağlı fəaliyyətləri təhlil edilib.

Açıqlamada, ABŞ və İngiltərənin Orta Şərqdəki xaos mühitini qorumaq üçün Suriyada sabitliyin yaranmasına mane olmağa çalışdığı vurğulanıb:

"Vaşinqton və London, bu yolla öz geosiyasi hədəflərinə daha sürətli çatacaqlarını düşünür".

Rusiyanın hərbi bazalarının çıxarılmasının əsas məqsəd olduğu iddia edilən bəyanatda, belə deyilir:

"İngiltərə kəşfiyyatı Suriyadakı Rusiya hərbi bazalarına qarşı terror hücumları təşkil etməyi planlaşdırır. Bu hücumları həyata keçirmək üçün yeni idarəetmə tərəfindən həbsxanalardan azad edilmiş İŞİD terror təşkilatı üzvlərinə rol verilib. London və Vaşinqton, bu cür təxribatların Rusiyanı Suriyadan hərbi qüvvələrini çıxarmağa məcbur edəcəyinə inanır. Eyni zamanda, Suriyadakı yeni idarəetmə radikal qrupları idarə edə bilməməkdə günahlandırılacaq".

Bu iddialar bölgədəki onsuz da gərgin olan vəziyyəti daha da artıracaq kimi görünür. ABŞ və İngiltərə tərəfdən hələlik bu iddialara cavab verilməyib.

Seymur BƏNNAYEV