BƏƏ xarici işlər naziri suriyalı həmkarı ilə danışıqlar apardı
Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət idarəsinin rəhbəri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Əbu-Dabidə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə danışıqlar aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.
Görüş zamanı nazirlər “iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi yollarını”, Suriyadakı son hadisələri, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər. Abdullah bin Zayed "BƏƏ-nin Suriyanın bütün ərazisi üzərində müstəqilliyini və suverenliyini dəstəkləməkdə qəti mövqeyini" təsdiqləyib. Danışıqlarda Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab da iştirak edib.
BƏƏ respublikada hakimiyyət dəyişikliyindən sonra Suriya hökumət heyətinin səfər etdiyi üçüncü ölkə olub. Bir gün əvvəl Əl-Şibani, Əbu Kəsra və Xəttab Qətərə səfər edib və burada hökumət başçısı, Əmirliyin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüblər. Yanvarın əvvəlində onlar Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlar aparıblar. Suriya nümayəndə heyəti yaxın günlərdə İordaniyaya səfər etməyi planlaşdırır.
Xatırladaq ki, ötən ilin noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da Suriyanın yeni hakimiyyət orqanları Məhəmməd əl-Bəşiri müvəqqəti hökumətin başçısı təyin edib. O, təyinatına münasibət bildirərək, respublikada keçid dövrünün martın 1-dək davam edəcəyini bildirib.
Turan İSMAYIL