İsrail qoşunlarının Livanın cənubundan çıxarılması prosesi vaxt aparacaq - ABŞ
İsrail qoşunlarının çıxarılması əməliyyatı onlar Livanın cənubu ərazisindən tamamilə çıxarılana qədər mərhələli şəkildə davam etdiriləcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Beyrutda keçirdiyi mətbuat konfransında Livan və İsrail arasında sərhəd mübahisələrinin həllində vasitəçi kimi çıxış edən ABŞ prezidentinin köməkçisinin müavini Amos Hokstin deyib.
“İsrail qoşunlarının Livanın cənubundan çıxarılması prosesi vaxt aparacaq və tez başa çatdırıla bilməz, biz şadıq ki, onların Naqura sərhədinə və cənubun qərb sektoruna çəkilməsi artıq başlayıb” - diplomat bildirib.
O, atəşkəs razılaşmasının həyata keçirilməsində ABŞ-nin Livan ordusuna da dəstək verdiyini vurğulayıb. "Livan qoşunları təkcə Livanın cənubunda deyil, bütün ölkədə təhlükəsizliyi öz üzərinə götürəcək", - Hokstin deyib.
Amerika elçisi bazar ertəsi Beyruta qısa bir səfər edərək parlamentin spikeri Nəbih Berri, baş nazir Nəcib Mikati və Livan ordusunun komandanı Cozef Aun ilə görüşüb. Diplomat hər iki tərəfdə davam edən atəşkəs pozuntularına son qoya biləcəyinə ümid etdiyini bildirib.
ABŞ diplomatının gəlişi İsraillə sərhəddə yerləşən Naqura kəndinə Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları ilə birlikdə Livan ordusu hissələrinin yerləşdirilməsi ilə eyni vaxta təsadüf edib. Hərbçilər şəhərin qərb girişində və Vadi Hamul bölgəsindən gedən magistral yolda nəzarət-buraxılış məntəqələri qurublar.
Noyabrın 27-də ABŞ-Fransa təşəbbüsünə uyğun olaraq İsrail və Livan arasında 60 günlük atəşkəs haqqında razılaşma qüvvəyə minib. Bu sənəd İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasından sonra UNIFIL-in dəstəyi ilə Livan ordusunun bütün cənub sərhədi boyunca yerləşdirilməsini nəzərdə tutur.
Turan İSMAYIL