Tbilisidə hökumət əleyhinə növbəti etiraz aksiyası başladı
Gürcüstanın paytaxtında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.
Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, Tbilisidə keçirilən nümayişlə əlaqədar mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.
Zamanla mitinqə şəhərin müxtəlif kilsələrindən Milad yürüşünün iştirakçılarının qoşulacağı gözlənilir. Materialda deyilir ki, onlar artıq Rustaveli prospektinə doğru hərəkət ediblər.
Eyni zamanda etiraz edən vətəndaşlar Milad gecəsini Gürcüstan parlamentinin binası ilə üzbəüz yerləşən Kaşueti Katedralində keçirməyə hazırlaşırlar. İnsanlar gecə yarısı kilsəyə toplaşacaqlar.
Dekabrın 31-də Tbilisidə hökumət əleyhinə etiraz aksiyalarının iştirakçıları Yeni ili Rustaveli prospektində qeyd ediblər və burada böyük bayram süfrəsi açılıb. Tədbirə ölkənin keçmiş prezidenti Salome Zurabişvili də qatılıb.
Gürcüstanda etirazlar respublikanın Baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də dövlətin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etməsindən sonra başlayıb. Hakimiyyət müvafiq prosesi 2028-ci ilə qədər “dondurub”.
Turan İSMAYIL