"Telegram"da xərçəngə qarşı peyvənd saxtakarlığı ilə bağlı xəbərdarlıq edildi

 01:30 07.01.2025     170

Rusiyada "Enteromix" xərçəng peyvəndinin klinik sınaqlarının "ikinci mərhələsində" pulla iştirak təklif edən fırıldaqçılar peyda olub.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru və baş ştatdankənar onkoloq Andrey Kaprin öz teleqram kanalında bildirib.

O qeyd edib ki, son vaxtlar teleqrama onun və Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin əməkdaşlarının adından xəstələrə bu sınaqlarda iştirak etmək təklif edilən saxtakarlıqla bağlı mesajlar daxil olur. Saxtakarlar iştirak, məsləhətləşmələr və ya seçim prosesinin “sürətləndirilməsi” üçün ödəniş tələb edirlər.

Kaprin klinik sınaqlarda iştirakın bütün mərhələlərinin pulsuz olduğunu, messencerlər və ya sosial şəbəkələr vasitəsilə sürətləndirilmiş prosedurların olmadığını vurğulayıb. O, həmçinin əlavə edib ki, nə özü, nə də Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin əməkdaşları heç vaxt xəstələrə şəxsi mesaj göndərmirlər. Bütün rəsmi bildirişlər və dəvətlər xəstə anketində göstərilən təsdiq edilmiş rabitə kanalları vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, 2024-cü il dekabrın 24-də Rusiyada xərçəng peyvəndinin klinik sınaqlarının birinci mərhələsində 50 xərçəng xəstəsinin iştirak edəcəyi bildirildi. İştirak üçün ümumilikdə 6 mindən çox müraciət daxil olub.

Turan İSMAYIL