Kiyevdə azərbaycanlı ailənin yaşadığı bina dronla vuruldu - FOTO
Ukraynanın paytaxtı Kiyevin mərkəzinin ilk dəfə dron hücumuna məruz qalması nəticəsində Azərbaycanın Laçın rayonundan olan Rəşad Tağıyevin yaşadığı bina ciddi zərər çəkib.
Redaktor.az xəbər verir ki, report.az-ın əməkdaşı həmyerlimizin dağılan evi və ofisində olub.
Diaspor fəalı Rəşad Tağıyev humanitar yardımların çatdırılması ilə məşğuldur. Yeni ildən əvvəl ailə həyatı quran soydaşımız səhər saatlarında dron zərbələrinə tuş gəlib. Təsadüfən sağ qalsalar da, mənzilləri tamamilə dağılıb.
"Kiyevdə yaşadığım ev dronla bombalandı. Səhəri dron hücumları ilə açdıq. Birinci mərtəbədə yaşayıram. Daha doğrusu yaşayırdım. Təsadüf nəticəsində xanımımla sağ qaldıq. Həyəcan siqnalı verilən kimi, mənzilin dəhlizində və vannada sığındıq. Bitişik binada ofisimiz vardı. Humanitar fondumuzun ofisi də dağılıb. Xeyli yaralananlar da oldu. Xanımımla möcüzə nəticəsində sağ qaldıq. Yaşadığımız bina bütövlükdə zərbədən çat verib, tamamilə yararsız haldadır", - azərbaycanlı gənc vurğulayıb.