Özbəkistanda elektron siqaretlər qadağan EDİLDİ

 18:40 07.01.2025     107

Özbəkistan parlamentinin Qanunverici (aşağı) palatasının deputatları növbəti plenar iclasda respublikada elektron siqaretlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Qanunverici Palatanın Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, həmçinin, tüstüsüz tütün məhsullarının, nikotin istehlakı üçün cihazların, o cümlədən elektron siqaretlərin qanunsuz dövriyyəyə buraxılması ilə bağlı hüquq pozuntularına görə məsuliyyət müəyyən edilir.

Qeyd olunur ki, ekspertlərin fikrincə, elektron siqaretlər nikotindən əlavə, insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran 80 müxtəlif kanserogen və toksik kimyəvi birləşmə və ağır metallar ehtiva edir. Xüsusilə, orqanizmdə nikotin asılılığının artması beyində patoloji strukturların formalaşmasına, uşaq və yeniyetmələrdə intellekt, bilik və qabiliyyətlərin azalmasına səbəb ola bilər.

"Sənədin qəbulu əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşmasına xidmət edəcək", - mətbuat xidməti əlavə edib.

Özbəkistan qanunvericiliyinə əsasən, qanun layihəsi üçüncü oxunuşda qəbul edildikdən sonra Senat (parlamentin yuxarı palatası) tərəfindən təsdiqləndikdə və respublika prezidenti tərəfindən imzalandıqda qüvvəyə minəcək.