2024-dən sonra yeni qlobal istilik rekordları gözlənilir - Copernicus

 12:54 08.01.2025     139

Avropa İttifaqının (Aİ) Copernicus peyk müşahidə sisteminin İqlim Dəyişikliyi Direktoru Karlo Buontempo, 2024-cü ilin qeydə alınan ən isti il olmasından sonra gələcəkdə yeni istilik rekordlarının qırılacağını və bu vəziyyətə hazırlıqlı olmaq lazım olduğunu vurğulayıb.

Redaktor.az xəbər verir ki, Copernicus məlumatlarına görə, 2024-cü il "ən isti il" olaraq tarixə düşüb. Qlobal orta temperatur artımı ilk dəfə Paris İqlim Sazişində qeyd olunan 1,5 dərəcə həddinə çatıb.

İqlim Dəyişikliyi Direktoru Karlo Buontempo, son məlumatları şərh edərkən deyib:

"Əsas təhlükə odur ki, hazırda təcrübə etdiyimiz iqlim, böyüdüyümüz iqlimdən, valideynlərimizin, nənə-babalarımızın və keçmiş nəsillərin iqlimindən tamamilə fərqlidir. Bu səbəbdən, cəmiyyətin tamamilə fərqli bir iqlimə uyğunlaşması lazımdır".

Bu dəyişikliyin təbii sistemlərin bütün sahələrinə təsir etdiyini bildirən Buontempo əlavə edib:

"Su dövranında dəyişikliklər müşahidə edirik. Kənd təsərrüfatında dəyişikliklər görürük. Sağlamlığımıza təsirlər artır. Avropada son 20 ildə istiliklə əlaqəli ölüm halları 30 faiz artıb. Bu dəyişikliyin miqyasını nə qədər tez dərk edib iqlim haqqında əldə etdiyimiz məlumatları və anlayışları tətbiq etsək, bir o qədər yaxşı hazırlaşıb bu dəyişikliklərlə mübarizə apara bilərik".

Seymur BƏNNAYEV