ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunu artırmaq planı yoxdur - Reuters

 14:41 09.01.2025     100

ABŞ Qrenlandiyada hərbi mövcudluğunu artırmağı planlaşdırmır.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Reuters" Amerikanın Kopenhagendəki səfirliyinin nümayəndəsinə istinadən xəbər verir.

“ABŞ-nin Qrenlandiyada hazırkı hərbi mövcudluğunu artırmaq planları yoxdur”, - deyə o, agentliyə bildirib.

Səfirliyin sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlar ümumi təhlükəsizlik ehtiyaclarını həll etmək üçün Danimarka və Qrenlandiya ilə sıx əməkdaşlığı davam etdirəcək.

Birləşmiş Ştatların adanın şimal-qərbindəki Pituffik aviabazasında daimi varlığı var.

Xatırladaq ki, yanvarın 7-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milli təhlükəsizlik baxımından Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu deyib. Hələ 2019-cu ildə, ilk prezidentlik dövründə o, ABŞ-nin Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqları olan Qrenlandiyanı ala biləcəyini söyləyib. O vaxt olduğu kimi, Qrenlandiya və Danimarka hakimiyyəti bu ideyanı absurd elan edib.

Turan İSMAYIL