Sarkozi Qəddafidən pul almadığını iddia edir

 18:59 09.01.2025     122

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə ittiham olunan məhkəmə prosesində Liviyanın keçmiş lideri Müəmmər Qəddafidən borc götürmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

"Siz mənim kampaniyamda büdcəmdə heç vaxt bir avro, bir dənə də Liviya senti tapa bilməyəcəksiniz", - o deyib. “Bu prosesdə çatışmayan şey korrupsiya pullarıdır və sadə səbəbə görə: korrupsiya pulu yoxdur, çünki namizədin rüşvəti olmayıb”, - Sarkozi əlavə edib.

Yanvarın 6-da Parisdə 2007-ci il prezident seçkilərində kampaniyanın qanunsuz maliyyələşdirilməsi işi üzrə dinləmələr başlayıb. Keçmiş prezidentlə yanaşı müttəhimlər kürsüsündə 12 müttəhim var. 69 yaşlı Sarkozinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs və 375 min avroya qədər cərimə gözləyir.

Liviyanın mərhum liderinin oğlu Seyf əl-İslam ilk dəfə 2011-ci il martın əvvəlində Sarkozinin kampaniyasının maliyyələşdirilməsində qanun pozuntuları barədə məlumat verib. O, "Euronews" telekanalına müsahibəsində fransız siyasətçinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia edib.

2012-ci ildə araşdırmaçı jurnalistika agentliyi Mediapart Sarkozinin seçki məqsədilə Qəddafidən 50 milyon avro aldığını iddia edən bir sıra materiallar dərc edib. Vasitəçi ilkin olaraq Liviya liderinin fransız siyasətçiyə təkcə seçki kampaniyası üçün deyil, həm də başqa məqsədlər üçün pul köçürdüyünü bildirən Ziyad Takieddine olub. Daha sonra Takiəddin gözlənilmədən ifadəsini dəyişib və sözlərindən geri çəkilib. 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi bu iş üzrə bütün ittihamları rədd edir.

2024-cü ildə Sarkozi "müstəntiqlərə təsir və təzyiq" ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib. Sabiq prezident bu cəzanı yaşadığı yerdə çəkir.

Turan İSMAYIL