Rusiya səfirliyinin bəyanatı qəbuledilməzdir - Moldova XİN

 19:11 09.01.2025     116

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin kollektiv Qərbi və Ukraynanı Dnestryanıda enerji böhranı yaratmaqda ittiham edən bəyanatını qəbuledilməz adlandırıb.

Redaktor.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu barədə Rusiya Federasiyasının Moldovadakı müvəqqəti işlər vəkili Aleksandr Andreyev məlumatlandırılıb.

Qeyd olunur ki, görüş zamanı Rusiya Federasiyası səfirliyinin nümayəndəsinə Moldova Respublikasının siyasi və iqtisadi sabitliyi pozmağa yönəlmiş bəyanatların qəbuledilməzliyi ilə bağlı aydın və qəti mövqeyi barədə məlumat verilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya səfirliyi yanvarın 1-də Rusiya qazının nəqlinin dayandırıldığı Dnestryanı bölgədə vəziyyətin sürətlə pisləşməsini həyəcanla izlədiyini bildirmişdi. Səfirlik qeyd edib ki, tanınmamış respublikadakı böhran “kollektiv Qərb və Ukrayna tərəfindən süni şəkildə yaradılıb”. Diplomatlar vurğulayırlar ki, Kişinyov və Kiyev mediası enerji böhranına görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışırlar.

Kiyevin Rusiya qazının Ukrayna ərazisindən tranzitinə qadağa qoymasından və Kişinyovun Rusiya tərəfinin 709 milyon dollar dəyərində qiymətləndirdiyi yanacağa görə borc problemini həll etməkdən imtina etməsindən sonra yanvarın əvvəlindən Moldovaya qaz nəqli dayandırılıb.

Dnestryanıda Moldovadan fərqli olaraq alternativ qaz mənbələri yoxdur. Qənaət məqsədilə yaşayış binalarının mərkəzi istilik sistemi və isti su təchizatı dayandırılıb, sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb, işıqların sönməsi başlanıb. Dnestr çayının sol sahilində yerləşən Moldova Dövlət Dairə Elektrik Stansiyası ehtiyatları yanvarın sonu və ya fevralın ortalarına qədər davam edəcək kömürə keçib.

Turan İSMAYIL