Kaliforniya yanğınlarının vurduğu ziyan - 150 milyard

 18:30 10.01.2025     92

"AccuWeather" analitik şirkəti Kaliforniyada baş verən yanğınların vurduğu zərərin qiymətləndirilməsinə yenidən baxıb. 

Redaktor.az xəbər  verir ki, bir gün əvvəl, yanvarın 9-da ekspertlər yanğınların dövlətə 52-57 milyard dollara başa gələcəyini proqnozlaşdırmışdılar.

"AccuWeather Cənubi Kaliforniya meşə yanğınları nəticəsində ümumi zərər və iqtisadi itkilərin ilkin hesablamalarını heyrətamiz 135-150 milyard dollara qədər artırdı", deyə şirkətin sözçüsü Bill Veydell X-də yazıb. 

O, daha güclü küləklərin və yanğın riskinin artdığını əlavə edib.

Los-Anceles qraflığında 14 min hektardan çox ərazini əhatə edən beş böyük yanğın var. Onların ən böyüyü hələ də nəzarətə götürülməyib. Hollivud yaxınlığındakı ərazilər üçün evakuasiya elan edilib. Daha əvvəl bildirilib ki, yanğın nəticəsində 10 nəfər ölüb, ərazidə 10 min bina dağılıb. "JPMorgan Chase Bank" zərəri təxminən 50 milyard dollar qiymətləndirdi.