Fransada doğum nisbəti ən aşağı səviyyəyə ÇATIB
Fransada doğum nisbəti İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyəyə enib.
Redaktor.az xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatlarına əsasən, 2024-cü ildə ölkənin əhalisi əvvəlki illə müqayisədə 0,25 faiz artaraq 68,6 milyona çatıb.
Ötən il Fransada 663 min uşaq dünyaya gəlib, bu da 2023-cü illə müqayisədə doğum sayında 2,2 faiz azalma deməkdir. 2024-cü ildə qeydə alınan bu rəqəm, İkinci Dünya Müharibəsindən bəri ən aşağı doğum nisbəti kimi tarixi göstəricidir.
Doğum səviyyəsi 2024-cü ildə hər qadına 1,62 uşaq olmaqla, əhalinin özünü yeniləmək üçün tələb olunan 2,1 göstəricisindən aşağı qalıb. Bu göstərici, 1919-cu ildən bu yana ən aşağı səviyyədir.
Bununla yanaşı, Fransada 2024-cü ildə ölüm sayı əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 646 minə yüksəlib. Ölkədə 2024-cü ildə 247 min cütlük evlənib ki, bu da bir əvvəlki illə müqayisədə 2 faiz artım deməkdir.
Seymur BƏNNAYEV