İsrail kabineti sabah atəşkəs ilə bağlı qərar üçün toplanacaq

 22:15 16.01.2025     122

İsrailin təhlükəsizlik kabinetinin, Qəzza ilə bağlı atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləmək üçün sabah toplanacağı açıqlanıb.

Redaktor.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, Qətərin paytaxtı Dohada aparılan müzakirələr zamanı HƏMAS ilə İsrail arasındakı fikir ayrılıqları aradan qaldırılıb.

"The Jerusalem Post" qəzetinin xəbərində, Ultra-Ortodoks Yəhudi Şas Partiyasının lideri Arye Derinin razılaşmanın həll edilməsi ilə bağlı məlumatlandırıldığı bildirilib.

İsrail Baş nazirliyindən verilən açıqlamada, HƏMAS"ın Qəzza atəşkəsi ilə bağlı bəzi maddələrdən imtina etdiyi iddia edilib. Eyni zamanda, HƏMAS"ın bütün maddələri qəbul etdiyini vasitəçilərə bildirmədən kabinetin toplanmayacağı vurğulanıb.

Hazırda İsrail nümayəndə heyətinin Dohada, Qəzza atəşkəsi və əsir mübadiləsi ilə bağlı müzakirələrə davam etdiyi qeyd edilib. İsrail mediası isə əsir buraxılacaq fələstinlilərin adları ilə bağlı fikir ayrılıqlarının da müzakirə mövzusu olduğunu yazıb.

Seymur BƏNNAYEV