Dünyanın ən ölümcül yırtıcısı - 436 nəfəri öldürən Çampavat pələngi
Milyonlarla insan yırtıcı heyvanların qurbanı olub - onların dəhşətli əməlləri bu heyvanları həm mifə, həm də reallığa çevirir. Lakin heç biri Çampavat pələngi qədər qorxulu olmayıb. Bu dişi benqal pələngi Hindistan və Nepalda 436 nəfərin həyatına son qoyub.
Redaktor.az xəbər verir ki, bu barədə "Forbes" üçün yazan amerikalı təkamül biologiyası üzrə alim Skott Trevers məlumat verib.
Tarixi terrorun başlanğıcı
19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində Çampavat pələngi Hindistan və Nepalda uzun müddət dəhşət saçıb. 1907-ci ildə onun məhv edilməsi ovçu Cim Korbettin həyatını dəyişib. O, yırtıcı ovçudan təbiəti qoruyan bir şəxsə çevrilib.
Bu hekayə 1890-cı illərin sonunda Nepalin meşələrində başlayır. Çampavat pələnginin insan ovuna keçməsi öz seçimi olmayıb, əksinə, məcburiyyətdən yaranan nəticə olub.
Skott Trevers yazır ki, pələngin yaşadığı mühitin dağıdılması və təbii ov imkanlarının azalması onun həyatda qalmasını çətinləşdirib. Bundan əlavə, ovçuların gülləsi ilə aldığı ağır çənə zədəsi onun əsas dişlərini sındıraraq adi ov heyvanlarını tuta bilməməsinə səbəb olub:
"Bu zədə pələngə dözülməz ağrılar yaşatmaqla yanaşı, onu çarəsiz vəziyyətə salıb. Beləliklə, insanlar - təbii ovundan daha ləng və daha asan hədəflər - onun yeganə sağ qalma mənbəyinə çevrilib".
Qurbanların sayı artır
Nepalda Çampavatın hücumları kiçik kəndlərdə başlayıb. Əvvəlcə bu hadisələr təsadüfi faciələr kimi qəbul edilib. Lakin qurbanların sayı artdıqca, qorxu sürətlə yayılmağa başlayıb. Nəticədə, pələng 200 nəfəri öldürdükdən sonra Nepal ərazisini tərk edib.
Hindistana keçdikdən sonra isə pələng daha cəsarətli və tez-tez insanlara hücum etməyə başlayıb. Adi pələnglərdən fərqli olaraq, Çampavat gündüz vaxtı insanlara hücum edib və bölgədə kütləvi təşviş yaradıb. Kəndlilər tarlalarını tərk edib, ailələr köç ediv və yerli iqtisadiyyat dayanırıb.
Ordunun belə bacarmadığı "ustad yırtıcı"
Bölgəyə yaxın yaşayanlara baxmayaraq, Çampavat pələngi ovçular üçün əlçatmaz olaraq qalıb. Britaniya müstəmləkə hökuməti pələngin məhv edilməsi üçün mükafat təyin etsə də, yerli ovçular uğursuzluğa düçar olub.
Nepal ordusunun bütöv bir polku onu tutmağa cəhd etsə də, pələng Şarda çayını keçərək Hindistana qaçıb. Bu, onun möhtəşəm qaçış qabiliyyətini və təhlükələrə qarşı müqavimətini bir daha nümayiş etdib.
Hindistana gəldikdən sonra Çampavat dərhal ovuna davam edib. Qurbanlarının qalıqları - cırılmış paltarlar, skelet parçaları və onun nəriltisinin dəhşətli səsləri - pələngin dəhşət saçan varlığını xatırladıb.
Cim Korbettin müdaxiləsi
1907-ci ildə Çampavat pələngi 16 yaşlı bir qızın həyatına son qoyduqdan sonra məsələ yeni bir mərhələyə çatıb. Britaniya hökuməti Cim Korbett adlı tanınmış ovçudan pələngi tutmasını xahiş edib. Korbettin meşələri dərindən anlamaq qabiliyyəti onu digərlərindən fərqləndirib
Skott Trevers yazır ki, Korbett pələngin sonuncu hücumunun izlərini izləyərək 300 kəndlinin dəstəyi ilə onun gizləndiyi əraziyə doğru irəliləyib. Kəndlilər insan divarı quraraq səs-küy və nağara səsləri ilə pələngi gizləndiyi yerdən çıxmağa məcbur edib. Pələng Korbettə hücum etdikdə ilk güllələr onu yaralasa da, ölümcül olmayıb. Korbett kəndlilərdən birinin tüfəngini alaraq sonuncu və həlledici atəşi edib.
Nəticə: Qorxu dövrünün sonu və dərslər
Çampavat pələnginin ölümü bölgədə dəhşət saçan dövrü sona çatdırsa da, yırtıcı heyvanların insanlara hücumlarının səbəbləri ilə bağlı anlayışımızı genişləndirib. Korbett növbəti illərdə insan ovçularına qarşı mübarizəni davam etdirib, lakin diqqəti təbiətin qorunmasına yönəlib.
O, başa düşüb ki, yaşayış mühitinin məhv edilməsi və insanların təbiətə müdaxiləsi insan ovçularının yaranmasının əsas səbəbidir.
Bu hadisə həm təbiət balansının qorunmasının, həm də insanla vəhşi təbiət arasında sağlam münasibətlərin əhəmiyyətini göstərən tarixi bir nümunədir (Qaynarinfo).