Qətərin Baş naziri atəşkəs ilə bağlı açıqlama VERDİ

 21:22 17.01.2025     106

Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani, "Al Jazeera" telekanalına verdiyi müsahibədə atəşkəsin birinci mərhələsinin tam tətbiq olunmasını və ikinci mərhələsinin yekun olmasını istədiklırini bildirib. 

Redaktor.az xəbər verir ki, İsrail hökumətinin HƏMAS ilə atəşkəs razılaşmasını elan edəcəyi gözlənildiyi vaxt, Qətər bu məsələ ilə bağlı yeni açıqlama verib.

Əl-Tani atəşkəs razılaşmasının tam tətbiq ediləcəyinə və faciələrin sona çatacağına ümid etdiyini bildirib. O, Qəzza üçün beynəlxalq dəstəyin hərəkətə gətirilməsinin və zərərçəkmiş ailələrə dəstək verəcək mexanizmlərin qurulmasının vacibliyini vurğulayıb.

Son günlərdə aparılan müzakirələrin əhəmiyyətli fərqlər yaratdığını qeyd edən Əl-Tani, ABŞ-nin hazırkı və əvvəlki administrasiyalarının birgə fəaliyyətinin razılaşmaya nail olmaqda həlledici rol oynadığını bildirib.

"Birinci mərhələnin tam tətbiq olunmasını və ikinci mərhələnin yekun olmasını istəyirik. Təhlükəsizlik Şurasının razılaşmanın icrası üçün məcburi qərar qəbul etməsini gözləyirik", - deyə Əl-Tani vurğulayıb.

O, həmçinin, Qəzzaya yardımın çatdırılması mexanizmi ilə bağlı humanitar protokol üzərində razılıq əldə olunduğunu bildirib. Əl-Tani, Qətərin vasitəçilik mövqeyinin müharibədən sonra Qəzzanın idarəçiliyinin Fələstin xalqının məsuliyyəti olduğu prinsipinə əsaslandığını vurğulayıb.

Al-Tani bildirib: "Ərəb ölkələri olaraq vəzifəmiz Fələstin barışığını dəstəkləmək və parçalanmanın qarşısını almaqdır. Qətəri tənqid edənlər isə müharibəni dayandırmaq üçün yalnız qışqırıb çağırmaqla kifayətləniblər".

Kənan YUSİF