Qazsız qalan Fiko Zelenskiyə Davosda görüş təklif etdi
Slovakiyanın Baş naziri Robert Fiko Ukrayna Prezidenti Volodimir Zelenskini iki ölkə arasında gələcək münasibətləri müzakirə etmək üçün yanvarın 21-də Davosda (İsveçrə) Dünya İqtisadi Forumu çərçivəsində görüşməyə dəvət edib.
Redaktor.az xəbər verir ki, o, bunu Almaniya kansleri Olaf Şolzla telefon danışığından sonra bildirib.
“Söhbət zamanı Almaniya kanslerine dedim ki, biz bir neçə gündür ki, Zelenski ilə çərşənbə axşamı Davosda, hər ikimizin də iştirak edəcəyi Dünya İqtisadi Forumunda görüş keçirməyi təklif edirik. Zelenski hələlik bu təklifə cavab verməyib. Davosdakı görüşümüz Slovakiya-Ukrayna münasibətlərinin gələcəyini müəyyən edə bilər”, - deyə Fiko feysbuk səhifəsində yazıb.
Bundan əvvəl Fiko Zelenskiyə Ukrayna ilə dövlət sərhədi yaxınlığında Slovakiya ərazisində danışıqlar aparmağı təklif edib. Onun sözlərinə görə, “görüş Ukrayna ərazisi vasitəsilə Slovakiya və digər ölkələrə qaz nəqli məsələlərinin açıq müzakirəsi üçün yaxşı şərait yaradacaq”.
Slovakiyanın baş nazirinin dəvətinə cavab olaraq Zelenski özünün yanvarın 17-də Kiyevə gəlməsini təklif edib.
Yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Slovakiya da bu səbəbdən qaz ala bilmir. Daha sonra Fiko Ukrayna nümayəndə heyətinin iştirak etməməsi səbəbindən Aİ-nin qazla bağlı yanvarın 7-nə planlaşdırılan məsləhətləşmələrinin dayandırıldığını açıqlayıb.
Turan İSMAYIL