Gürcüstanın Bakıdakı səfiri Şəhidlər xiyabanını ziyarət ETDİ
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar qurbanlarının xatirəsini yad edib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.
“Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və Gürcüstan səfirliyinin əməkdaşları ilə birlikdə 35 il əvvəl Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib. 1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərə qarşı vəhşicəsinə basqınları nəticəsində dinc sakinlər öldürüldü”, – paylaşımda bildirilib.
Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatik nümayəndəliklərin rəhbərləri Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını gül-çiçəklə bəzəyiblər.
“20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri kimi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi daxil olub”, - paylaşımda qeyd olunub ("Report").