Ukraynadakı müharibə sabah və ya o biri gün bitməyəcək - Makron

 10:19 21.01.2025     97

Fransa prezidenti Emmanuel Makron Fransa silahlı qüvvələrinə müraciətində deyib ki, Ukraynadakı müharibə “sabah və ya o biri gün bitməyəcək”. Onun sözlərinə görə, hazırda Qərb üçün əsas vəzifə “Ukraynanın güclü dövlət kimi gələcək danışıqlar aparmaq qabiliyyətinə malik olmasını təmin etməkdir”.

Redaktor.az xəbər verir ki, dövlət başçısı Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatının vacibliyini də vurğulayıb:

“Döyüşlər dayandıqda, müharibənin Ukrayna ərazisinə qayıtmayacağına zəmanət vermək lazım gələcək”.

Onun fikrincə, bu tədbirlər təkcə Kiyev üçün təminat deyil, həm də bütün Avropada sabitliyin əsası olacaq.

“Avropada sülh və təhlükəsizlik avropalıların özləri və onlar arasında danışıqlar olmadan mümkün deyil”.

Makron bu ilin may ayına qədər milli müdafiə strategiyasına yenidən baxılmasını əmr edib. Bu yeniləmə Fransanın “qlobal müdafiə və yenidən silahlanmasının” əsaslarını müəyyən etməlidir. Əvvəlki strategiya icmalı 2022-ci ildə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra aparılıb.

Makron dəfələrlə Avropa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyündən danışıb. O, ilk dəfə 2024-cü ilin fevralında bu ideyanı səsləndirdi və Avropa ölkələrində atəşkəsə nəzarət etmək üçün sülhməramlı qüvvələrin tətbiqi ilə bağlı müzakirələrə səbəb oldu.

“Wall Street Journal”ın yazdığına görə, yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp da belə bir təşəbbüsə maraq göstərir. Bununla belə, Tramp Parisdə Vladimir Zelenski və Emmanuel Makronla görüşü zamanı Amerika ordusunun sülhməramlı missiyada iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, Ukraynanın dəstəklənməsi və qorunmasında əsas rol Avropaya məxsus olmalıdır.

Reuters mənbələrinin məlumatına görə, Avropa ölkələri artıq münaqişənin dayandırılması və ya dondurulması halında Ukraynada yerləşdirilməsi üçün hərbi kontingentin formalaşdırılması ilə bağlı danışıqlar aparır. Missiyadakı əsgərlərin minimum sayı 40.000 ola bilər. Kontingentin əsas hissəsini Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşadan olan qüvvələr təşkil edəcək. Bununla belə, Avropa təhlükəsizlik xidmətləri hesab edir ki, Ukraynanı yeni təcavüzdən effektiv şəkildə qorumaq üçün ən azı 100 min əsgər lazım olacaq.

Yanvarın 15-də İntelligence Online Fransanın "Perseus" kod adlı gizli hərbi təlimlər keçirdiyini bildirib. Manevrlər çərçivəsində Rusiyanın Belarus ərazisindən mümkün sıçrayışına qarşı çıxmaq üçün Ukraynaya qoşun yeritmək ssenarisi hazırlanıb. Ordunun Xüsusi Əməliyyat Qruplarının (CAST) iştirak etdiyi təlim 10 gün davam edib və 2024-cü ilin payızında baş tutub.