Müharibədə 1 milyon dollar “qazanmış” baş psixiatr həbs EDİLDİ

 13:40 21.01.2025     135

Hüquq-mühafizə orqanları Ukrayna Silahlı Qüvvələrinin baş psixiatrını ələ keçirdi. O, Rusiya ilə müharibə zamanı 1 milyon dollardan artıq gəlir əldə edərək Kiyev bölgəsi və Odessa şəhərində əmlak alıb.

Redaktor.az xəbər verir ki, SBU-nun mətbuat mərkəzinin Telegram-da yaydığı məlumata görə, xüsusi xidmət orqanları Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Komandanının köməyi ilə baş psixiatrı həbs edib. O, həmçinin Mərkəzi Hərbi Tibb Komissiyasının müavinidir və hərbi xidmətə uyğunluq məsələlərini həll edir.

İstintaq göstərib ki, rəsmi şəxs Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumundan sonra əhəmiyyətli dərəcədə zənginləşib. 

"O, 1 milyon ABŞ dolları dəyərində əsassız aktivlər alıb. Həmçinin, əmlakını özünün bəyanında göstərməyib və onu həyat yoldaşı, qızı, oğulları və digər kənar şəxslərin adına rəsmiləşdirib", - deyə SBU məlumat yayıb.

2022-2024-ci illər ərzində, şəxsin Obuxov rayonunda (Kiyev bölgəsi) özəl ev və iki torpaq sahəsi, Kiyevdə iki mənzil və Odessa şəhərində bir mənzil aldığı bildirilib. Bundan əlavə, psixiatr 4 elit avtomobil alıb - BMW X7 (2024-cü il), BMW X7 və BMW X3 (hər ikisi 2022-ci il), BMW X5 (2023-cü il). O, həmçinin başqa əmlak alıb, lakin bu barədə təfərrüatlar açıqlanmayıb.

Axtarışlar zamanı ondan 152 min ABŞ dolları və 34 min avro tapılıb.

Hazırda ona iki maddə üzrə ittiham irəli sürülür: Ukrayna Cinayət Məcəlləsinin 368-5-ci maddəsi (qanunsuz varlanma) və 366-2-ci maddəsi (yanlış məlumatların bəyan edilməsi). Onun barəsində həbs və əmlaklarına həbslə bağlı qərar verilməsi məsələsi həll olunur. O, 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Ukrayna Baş Prokurorluğunun "Facebook”da verdiyi məlumata görə, bu şəxsin həm də Milli Hərbi-Tibbi Kliniki Mərkəzinin "Baş Hərbi Kliniki Xəstəxanası"nın psixiatrik klinikasının rəhbəri olduğu qeyd olunub. Onun aktivləri arasında 285,2 kvadrat metr sahəsi olan özəl ev də var.