Livan yanvarın 27-dək İsrailin cənubdan çıxarılmasını tələb edəcək - Prezident

 23:20 21.01.2025     78

İkitərəfli atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, İsrail yanvarın 27-dək Livanın cənubunu tərk etməlidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu respublikanın prezidenti general Cozef Aun Beyrutda İspaniyanın müdafiə naziri Marqarita Robleslə görüşündə deyib.

"Biz İsrail qoşunlarının qalan işğal olunmuş ərazilərdən müəyyən edilmiş son tarixə (yanvarın 27-də) çıxarılmasına çalışacağıq", - deyə general Aun bildirib.

“İsrailin öhdəliklərini yerinə yetirməməsi sərhədyanı ərazilərdə gərginliyin davam etməsinə gətirib çıxaracaq və təcavüz zamanı dağılmış yaşayış məntəqələrinin bərpası və oradakı köçkünlərin geri qayıtması prosesini ləngidəcək” - deyən prezident qeyd edib ki, Livanın haqlı tələbi yanvarın 16-18-də Beyrutda səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş tərəfindən tam dəstəklənib: “Biz beynəlxalq ictimaiyyətin İsrailə lazımi təzyiq göstərməsini gözləyirik”.

Öz növbəsində İspaniya Müdafiə Nazirliyinin rəhbəri Livan ordusunun keçmiş komandanı general Aunu yanvarın 9-da respublikanın prezidenti seçilməsi münasibətilə təbrik edib. "İspaniya Livanın keçdiyi çətin sınaqlardan sonra sağalmasını dəstəkləyir və onun Avropa İttifaqı ilə əməkdaşlığını müdafiə edir", - Robles bildirib.

Qeyd edək ki, 2024-cü il noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması BMT sülhməramlılarının dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşdirilməsini və Hizbullah silahlı birləşmələrinin Litani çayından kənara çıxarılmasını nəzərdə tutur. Öz növbəsində İsrail 60 gün ərzində quru əməliyyatı apardıqları Livanın cənubundan qoşunlarını çıxarmalıdır.

“Əl Nahar” qəzetinin məlumatına görə, yanvarın 20-də BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin qərargahında atəşkəs monitorinqi komitəsinin iclasından sonra məlum olub ki, İsrail öz qoşunlarının çıxarılmasını bir neçə gün gecikdirə bilər.

Turan İSMAYIL