Suriya hakimiyyəti Rusiya şirkəti ilə müqaviləni ləğv ETDİ
Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə Suriyanın “Əl Vətən” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi məlumat verib.
Onun sözlərinə görə, Suriyanın keçid hökuməti limanın yenidən qurulması üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları müəyyən kateqoriya mallar üçün gömrük rüsumlarını 60% azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir.
“Rusiya şirkəti ilə Tartus limanında imzalanmış investisiya müqaviləsi ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq. Liman işçiləri müqaviləyə əsasən tələb olunan təkmilləşdirmələr olmadan şirkətin istifadə etdiyi köhnəlmiş avadanlığın təmirinə qayıdacaqlar", - Cudi deyib.
Xatırladaq ki, 2019-cu ildə Suriya hökuməti Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi imzalayıb. Müqavilə 49 il müddətinə nəzərdə tutulub. Suriyanın keçmiş nəqliyyat naziri Əli Hamudun sözlərinə görə, sənəddə Rusiya tərəfinin limanı idarə etməsi və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoyması nəzərdə tutulurdu.
Tartus Suriyanın ikinci ən böyük dəniz limanıdır. 1971-ci ildə ikitərəfli müqavilə əsasında yaradılmış Rusiya Hərbi Dəniz Qüvvələrinin Logistika Mərkəzi burada yerləşir. Rusiya hazırda Suriyanın yeni administrasiyası ilə ölkə ərazisində hərbi bazalarının saxlanılması ilə bağlı danışıqlar aparır.
2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, bundan sonra hökumət qoşunları şəhəri tərk etdilər. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkədən qaçıb.
Turan İSMAYIL