Amerikanı onlar idarə edəcək - SİYAHI
Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. Trampın andiçmə mərasimindən əvvəl Konqresdə seçilmiş prezidentin hökumətdə əsas vəzifələrə təklif etdiyi namizədlərin təsdiqi üçün dinləmələr başlayıb. Senator artıq Marko Rubionu dövlət katibi postuna təsdiqləyib.
İlk prezidentlik dövründə, 2017-2021-ci illərdə Trampın administrasiyası rekord sayda kadr dəyişikliyi ilə xarakterizə olunurdu, hakimiyyətinin birinci ilində dövlət başçısının siyasəti ilə razılaşmadığı üçün məmurların üçdə biri dəyişdirilmişdi.
O, artıq yeni komandası üçün daha sadiq namizədlər irəli sürüb. Siyahıda televiziya jurnalistləri, milyarderlər, seçki kampaniyasında iştirak edənlər, konqresmenlər və qubernatorlar daxildir.
Redaktor.az Trampın yeni komandasını təqdim edir.
Ceyms Devid Vens
ABŞ-nin yeni vitse-prezidenti cəmi 40 yaşındadır. O, bu vəzifəyə başlamazdan əvvəl Senatın üzvü olub. Vens 2016-cı ildə internetə sızan şəxsi yazışmalarında Trampı “Amerikalı Hitler” adlandırıb. Lakin 2022-ci ildə senator olduqdan sonra MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatına qoşulub və Ukraynaya əlavə yardımın göstərilməsinin fəal əleyhdarlarından birinə çevirilib. O, Trampın qərarlarına təsir edən oğulları Erik və Donald ilə yaxınlaşıb.
Vens dörd il dəniz piyadalarında xidmət edib, o cümlədən İraqa müharibə müxbiri kimi fəaliyyər göstərib. Ohayo Dövlət Universitetində siyasi elm və fəlsəfə üzrə bakalavr dərəcəsinə yiyilənib. Yeil Universitetinin Hüquq fakültəsini bitirib.
Dövlət katibi: Marko Rubio
53 yaşlı Rubio Trampın komandasında dövlət katibi vəzifəsini tutacaq. O, andiçmədən sonra Senat tərəfindən təsdiqlənən ilk məmurdur. Keçmiş senator İran, Çin, Şimali Koreya və Rusiyaya qarşı sərt mövqeyi ilə diqqət çəkib. O, Donald Trampın ilk administrasiyasında Latın Amerikası üzrə baş müşaviri olub. İsrailin qatı dəstəkçilərindəndir.
Rubio Mayamidə Kubalı mühacir ailəsində anadan olub. Florida Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi və Hüquq Doktoru dərəcəsinə yiyələnib. 2010-cu ildə Floridadan senator olub və iki dəfə yenidən seçilib. O, 2015-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlasa da, sonradan Donald Trampın namizədliyini dəstəkləyib. 2024-cü ildə vitse-prezidentliyə namizədlər arasında adı hallanırdı.
Maliyyə naziri: Skont Bessent
Trampın sözlərinə görə, Bessent geosiyasət və iqtisadiyyat sahəsində aparıcı beynəlxalq investor və strateqlərdən biridir. O, seçki yarışı zamanı prezidentə iqtisadi siyasət məsələləri ilə bağlı məsləhətlər verib. Kampaniyasına 3 milyon dollar bağışlayıb.
"Key Square Capital Management" hedcinq fondunun təsisçisidir. Əvvəllər məşhur Demokrat Partiyasının donoru Corc Soros tərəfindən təsis edilən "Soros Fund Management"də işləyib. 1992-ci ildə Britaniya funtunu çökdürən “Qara çərşənbə”də iştirak edib.
Onun “3-3-3” proqramı büdcə kəsirini azaltmaq, ÜDM-in artımını sürətləndirmək və neft hasilatını artırmaq məqsədi daşıyır. Çin və Rusiyaya qarşı sərt siyasəti dəstəkləyir.
62 yaşlı siyasətçi geydir, Nyu-York şəhərinin keçmiş prokuroru Con Frimanla evlidir. Onların surroqat ananın köməyi ilə dünyaya gələn iki övladı Avropada təhsil alır.
Müdafiə naziri: Pit Heqset
44 yaşlı jurnalist Prinston Universitetini bitirib, daha sonra Milli Qvardiyaya qoşulub, İraq və Əfqanıstanda xidmət edib. Heqset üzərində irqçilərin istifadə etdiyi “Deus Vult” yazısı olan tatuya görə ordudan uzaqlaşdırılan 12 əsgərdən biri olub.
Heqset "Fox News"un siyasi şərhçisi kimi NATO müttəfiqlərini müdafiəyə kifayət qədər xərcləmədiyinə görə tənqid edib və İsraili dəstəkləyib. O, dəfələrlə bəyan edib ki, Çin “ABŞ-ı məğlub etmək üçün xüsusi hazırlanmış” ordu qurur. Amerikanın Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün pil xərcləməsini pisləyir.
Baş prokuror: Pam Bondi
59 yaşlı hüquqşünas Florida ştatının ilk qadın Baş prokuroru vəzifəsində çalışıb (2011-2019). Narkomaniyaya qarşı mübarizə çərçivəsində əsas istehsalçılar və distribyutorlara qarşı məhkəmə iddiası qaldırıb. O, LGBT hüquqlarının genişləndirilməsinə qarşı çıxması ilə də məşhurlaşıb.
Bondi Temple Terrace (Florida) merinin ailəsində anadan olub. Florida Universitetində cinayət ədaləti konsentrasiyası ilə bakalavr dərəcəsi və Stetson Universitetinin Hüquq Kollecində Hüquq Doktoru dərəcəsinə yiyilənib. O, 2019-cu ildə Donald Trampın ilk impiçmenti zamanı müdafiə komandasında əsas fiqurlardan biri olub.
Daxili işlər naziri: Douq Burqum
68 yaşlı siyasətçi bundan əvvəl Şimali Dakotanın qubernatoru vəzifəsində çalışıb. O, 2023-cü ildə prezident seçkilərində namizədliyini irəli sürüb, lakin dekabrın 4-də praymerizdə iştirakdan imtina etdiyini açıqlayıb. Burqum Ukraynanı dəstəkləyir, Çin və Rusiyanı ABŞ-ın əsas rəqibləri hesab edir. Siyasətçi Şimali Dakotada fermer ailəsində anadan olub, yerli universiteti, sonra isə Stanford Universitetinin Biznes Məktəbini bitirib.
Milli Kəşfiyyat İdarəsinin direktoru: Tulsi Qabbard
43 yaşlı Qabbard 2003-2020-ci illərdə Havay Ordusunun Milli Qvardiyasında xidmət edib. İraq müharibəsi veteranıdır və polkovnik-leytenant rütbəsinə malikdir.
2002-ci ildə Demokratlar Partiyasından Havay Nümayəndələr Palatasına seçilərək ABŞ ştatının qanunverici orqanında (23 yaş) ən gənc qadın olub. O, 20 ildən çox Demokrat Partiyasının tərəfdarı olub, 2022-ci ildə partiyanı tərk edib və Donald Trampa rəğbət bəsləməyə başlayıb. Özünü “terrorizmlə mübarizədə şahin” kimi təsvir edir, lakin müdaxilə siyasətinə qarşı çıxır.
Yaxın Şərqdə İsrailyönlü mövqe tutur və Ermənistanı dəstəkləyir. Dəfələrlə Kiyevə dəstəyi dayandırmağa çağırıb. Qabbard Myrotvorets saytında “Rusiya xüsusi xidmət orqanlarının agenti” kimi qeyd olunub.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru: Con Ratkliff
59 yaşındadır. O, Notr Dam Universitetini (İndiana) və Dallasda (Texas) Cənubi Metodist Universitetini bitirib və bir müddər hüquqla məşğul olub. Donald Trampın ilk prezidentliyi dövründə Milli Kəşfiyyatın direktoru vəzifəsində çalışıb. O, miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır və Çini ABŞ üçün Rusiyadan daha böyük təhlükə adlandırır.
"Medicare" və "Medicaid" Xidmətləri Mərkəzlərinin Administratoru: Mehmet Öz
Mehmet Öz türkcə səlis danışır və Amerikadan əlavə Türkiyə vətəndaşlığına malikdir. Anası Şapsuq (Adıgey) xalqının nümayəndəsidir. 64 yaşlı Öz 1982-ci ildə Harvardda biologiya üzrə bakalavr dərəcəsinə yiyilənib və 1986-cı ildə tibb elmləri doktoru olub. 2001-2022-ci illərdə Kolumbiya Universitetinin professoru olub. Təcrübəli ürək cərrahıdır.
Senat tərəfindən təsdiqlənməsi gözlənilən digər məmurlar aşağıdakılardır:
Kənd təsərrüfatı naziri: Bruk Rollins
Ticarət naziri: Hovard Lutnik
Əmək naziri: Laurie Çavez-Derimer
Səhiyyə naziri: Robert Kennedi
Tikinti naziri: Skot Turner
Nəqliyyat naziri: Sin Daffi
Energetika naziri: Kris Rayt
Təhsil naziri: Linda Mekmahon
Veteranlarla işləri naziri: Duq Kollins
Daxili təhlükəsizlik katibi: Kristi Noem
FTB direktoru: Keş Patel
SEC (Qiymətli Kağızlar və Birja Komissiyası) sədri: Paul Atkins
BMT yanında daimi nümayəndə: Alis Stefanik
NATO-da daimi nümayəndə: Metyu Uitaker
Yaxın Şərq üzrə xüsusi nümayəndə: Stefan Uitkof
Yaxın Şərq üzrə baş məsləhətçi: Massad Boulos
Ukrayna üzrə xüsusi nümayəndə: Keyt Kelloq
İsraildəki səfir: Mayk Hakabi
Fransadakı səfir: Çarlz Kuşner
Satış nümayəndəsi: Ceymsin Qrir
Milli İqtisadiyyat Şurasının (NEC) direktoru: Kevin Hassett
İdarəetmə və Büdcə İdarəsinin (OMB) direktoru: Rasl Vout
CDC (Xəstəliklərə Nəzarət Mərkəzləri) direktoru: Deyv Ueldon
FDA (Qida və Dərman İdarəsi) Komissarı: Marti Macari
Ətraf Mühitin Mühafizəsi Agentliyinin inzibatçısı: Li Zeldin
Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) Administratoru: Çad Xronister
NASA direktoru: Cerad İsaakman.
Aşağıdakı məmurlar isə birbaşa Prezident tərəfində təyin edilir və Senatın təsdiqinə ehtiyac yoxdur:
Ağ Evin Aparat rəhbəri: Suzi Vils
Milli Təhlükəsizlik müşaviri: Mayk Uolz
Aparat rəhbərinin siyasi məsələlər üzrə müavini: Stiven Miller
Mətbuat katibi: Karolin Levit
"Sərhədlərin Kralı": Tomas Homan
Terrorla Mübarizə Baş Direktoru: Sebastyan Qorka
Daxili Siyasət Şurasının direktoru: Vins Haley
Hüquq məsləhətçisi: Bill McGinley
Kommunikasiya direktoru: Stiven Çanq
"Süni zəka və kripto çarı": David Saxs
DOGE (Hökumət Effektivliyi Departamenti) direktoru: Elon Musk