Qırğızıstanda paytaxtın köçürülməsi təklif EDİLDİ
Qırğızıstan parlamentinin iclasında deputat Bakıtbek Maripov paytaxtı başqa yerə köçürməyi və Nazirlər Kabinetini orada yerləşdirməyi təklif edib.
Redaktor.az “24.kg”yə istinadla xəbər verir ki, deputat bu yolla tüstü və tıxac probleminin həll ediləcəyi qənaətindədir.
"İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır", - deputat bildirib.
Maripov hesab edir ki, hökumətin Bişkekdən köçürülməsi nəqliyyatın hərəkəti ilə bağlı problemin həllinə imkan verəcək.
Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkek hazırda hava çirkliliyinə görə dünyanın 94 şəhəri arasında 3-cü yerdədir. Bişkekdə PM2.5 konsentrasiyası ÜST-nin tövsiyə etdiyi hava keyfiyyətindən 49,1 dəfə yüksəkdir.