"Biz Trampın Ukrayna ilə bağlı təkliflərinin şərtlərinə baxmalıyıq" - Rus diplomat

 23:46 22.01.2025     70

Moskva Ukraynada münaqişəyə son qoymaq üçün ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “sövdələşmə”nin şərtlərini öyrənməlidir.

Redaktor.az xəbər verir ki, bunu "Reuters" agentliyinə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. O qeyd edib ki, Amerika lideri ABŞ-nin əvvəlki administrasiyasının Kiyevlə bağlı siyasətindən əl çəkməyə qadirdir.

"Bu, təkcə müharibənin dayandırılması məsələsi deyil. Söhbət, ilk növbədə, Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmasından gedir", - diplomat bildirib.

"Beləliklə, biz "sövdələşmənin" prezident Tramp üçün nə demək olduğuna baxmalıyıq. O, ABŞ-nin 2014-cü ildən bəri Ukraynada etdiyi, onu "anti-Rusiya"ya çevirdiyi və bizimlə müharibəyə hazırladığına görə məsuliyyət daşımır, lakin bu zərərli siyasəti dayandırmaq onun səlahiyyətindədir”, - Polyanski qeyd edib.

Bundan əvvəl Tramp bildirib ki, onun administrasiyası Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni tariflər və sanksiyalar tətbiq etmək niyyətindədir. Tramp bildirib ki, o, Ukraynadakı münaqişənin sona çatmasına sadiq olduğunu deməklə Rusiyaya “çox böyük xeyir” etməyə hazırdır.

Turan İSMAYIL