Qəzza ilə bağlı yeni saziş üzrə danışıqlar iki həftəyə başlayacaq
Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar iki həftədən sonra başlayacaq.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın İordan çayının qərb sahilindəki bölməsinin rəhbəri Zahir Cabarin bildirib.
“İki həftədən sonra sazişin ikinci mərhələsi üzrə danışıqlara başlanacaq, bu müddət ərzində üç əsas məqam müzakirə olunacaq: İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması, anklavda daimi atəşkəs və həmçinin bütün girovların fələstinli məhbuslarla dəyişdirilməsi",- deyə o qeyd edib.
Cabarin onu da vurğulayıb ki, Həmas Qəzza razılaşmasının bütün mərhələlərinin bir-birinə bağlı olmasını və ardıcıl olaraq davam etməsini tələb edir.
Xatırladaq ki, yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləyib. Birinci mərhələ min fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur. İsrail qoşunları atəşkəs müddəti ərzində Qəzza zolağının sərhədlərinə çəkiləcək. Sektora çatdırılan humanitar yardımın həcmi də artırılacaq.
Turan İSMAYIL