“Charlie Hebdo”ya hücum edən şəxs 30 il azadlıqdan məhrum edildi
2020-ci ildə Parisdə “Charlie Hebdo” satirik jurnalının keçmiş qərargahı qarşısında insanlara hücum edən qeyri-qanuni pakistanlı miqrant 30 il müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
29 yaşlı pakistanlı adam öldürməyə cəhddə və terror törətmək üçün sui-qəsddə təqsirli bilinib. Hakimlər kollegiyasının sədri, həmçinin onun Fransaya girişinə həmişəlik qadağa qoyulması və terrorçu cinayətkarların məlumat bazasına salınması barədə qərar qəbul edib.
Sentyabrın 25-də "Charlie Hebdo" redaksiyasının köhnə binası yaxınlığında Premier Line agentliyinin iki əməkdaşı bıçaqlı silahla hücuma məruz qalıb və ağır yaralanıb. Polis sorğusu zamanı hücumçu günahını etiraf edib. O, öz hərəkətini jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dəfələrlə dərc etməsi ilə əsaslandırıb.
İstintaq zamanı ondan əlavə, Pakistandan olan daha 4 nəfər saxlanılıb. Onlar terror aktı törətməkdə ittiham olunaraq mühakimə olunub və 3 ildən 12 ilədək həbs cəzası alıblar. Onların Fransaya yenidən girişi də qadağan edilib.
Turan İSMAYIL