Tramp Rusiyanı ABŞ-ın hipersəs raket planlarını oğurlamaqda ittiham ETDİ

 17:05 24.01.2025     108

ABŞ prezidenti Donald Tramp Barak Obama administrasiyası dövründə Rusiyanın ABŞ-ın hipersəs raketləri ilə bağlı planlarını oğurladığını bir daha bəyan edib.  

Redaktor.az xəbər verir ki, bu barədə Tramp Fox News-a verdiyi müsahibədə bildirib.  

Tramp qeyd edib ki, "Rusiya layihəni oğurladı, onu bizdən aldılar".  

"Hansısa pis adam onlara planı verdi”, – deyə o əlavə edib və ABŞ-ın hətta "daha yaxşı hipersəs raketləri" əldə edəcəyinə söz verib.  

O, həmçinin vəd edib ki, "biz onları çox yaxın zamanda işə salacağıq".  

Tramp bu ittihamları daha öncə də dilə gətirib. 2023-cü ildə tərəfdarlarına Rusiyanın "super-puper raketlər" layihələrini oğurladığını söyləmişdi.  

Kreml həmin vaxt bu iddialara cavab verərək "bizim öz mükəmməl raketimiz var" ifadəsini işlətmişdi.  

Əvvəllər Trampın keçmiş məsləhətçisi Con Bolton da Rusiyanın ABŞ-dan hipersəs silahları da daxil olmaqla bir çox texnologiyanı oğurladığı barədə açıqlama vermişdi.  

Qeyd edək ki, 23 yanvar tarixində Tramp Ukraynadakı müharibəni dayandırmaq məqsədilə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını təsdiqləyib.