İsrailin hücumlarında həyatını itirən 10 yaşlı fələstinli uşağın telefonunda vəsiyyətnaməsi tapıldı

 22:39 24.01.2025     93

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən 10 yaşlı fələstinli Azmi Əbu əş-Şarın mobil telefonunda yazdığı vəsiyyətnamə ailəsi tərəfindən aşkar edilib.

Redaktor.az xəbər verir ki, Azminin yazdıqları onun məruz qaldığı dəhşətli mənzərələr və ölüm qorxusunun təsirindən qaynaqlandığı ehtimal edilir. Vəsiyyətnamədə 10 yaşlı uşaq ailəsindən üzr istəyərək, onları bağışlamasını istəyib.

"Uzun yaşamayacağımı hiss edirəm," - deyə yazan Azmi, valideynlərinə və bacı-qardaşlarına müraciətlə onları sevdiyini və üzərlərində haqqı varsa bağışlanmasını xahiş edib.

Qəzza zolağında fəaliyyət göstərən yerli hökumətin məlumatına görə, İsrailin bombardımanları nəticəsində indiyədək 17 min 861 uşaq həyatını itirib. Həmçinin Qəzzadakı uşaqların təhlükəsizlik məqsədilə bədənlərinə adlarını yazdığı bildirilir ki, ölüm halında cəsədləri tanına bilsin.

Kənan YUSİF