Kartalkayadakı yanğından xilas olan şəxs o dəhşətli anları danışdı: 2-3 nəfər gözümün önündə can verdi
Bolu Kartalkaya Xizək Mərkəzində yerləşən "Grand Kartal Otel"ində baş verən yanğından sağ çıxan Alper Erken, yanğın zamanı şahidi olduğu dəhşətli anları bölüşüb.
Redaktor.az xəbər verir ki, 49 yaşlı Alper Erken bu barədə Anadolu Agentliyinə açıqlama verib.
“Yüksək nərdivanlı yanğınsöndürənlər gələndə aşağıya çox az adam endirildi. Bu vaxt aşağıya tullananlar oldu. Ən azı 2-3 nəfər gözümün önündə can verdi. "Tullanmayın yanğınsöndürən gəlir" deməyimizə baxmayaraq, panikaya düşüb tullandılar və həyatlarını itirdilər", - deyə Alper Erken Deyib.
O, həyat yoldaşı və övladları ilə tətil üçün 3 ildir seçdikləri həmin oteldə olduqlarını bildirib. Erken, gecə yüngül yuxuda olduğu üçün oteldən gələn səslərə oyandığını və insanların “Bu yanğın haradan çıxdı? Tez çıxaq!” deyə qışqırdıqlarını eşitdiyini söyləyib.
“Bir panika havası yaranmışdı. Səkkizinci mərtəbədə, yüksək qatlardan birində idik və otağımız binanın tam küncündə idi. Pəncərədən baxanda yanğının sürətlə yuxarı qalxdığını gördüm", - deyən Erken həmin anların gərginliyini ifadə edib.
Kənan YUSİF