78 nəfərə məzar olan hoteldə yanğının necə başladığı müəyyən EDİLDİ
Türkiyənin Bolu vilayətində 78 nəfərin ölümünə səbəb olan hotel yanğını ilə bağlı davam edən istintaq çərçivəsində yanğının necə başladığı müəyyən edilib.
Redaktor.az “sabah”a istinadən xəbər verir ki, “Grand Kartal” hotelinin restoran hissəsində gecə saat 03:21-də başlayan yanğından əvvəl işçilər səhər yeməyi hazırlamağa başlayıblar. İddiaya görə, bu zaman onlar manqalı yandırıblar. Uzun müddət açıq qalan və qızdırılan qurğunun üzərindəki qaynar yağ bir anda alışıb.
Mətbəxdən alovların yüksəldiyini görən aşpaz Faysal Yavər, mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyib. Onlar alovu yanğınsöndürən balon əvəzinə, su ilə söndürməyə çalışıblar. Lakin qaynar yağın su ilə təması nəticəsində alov daha da genişlənərək ətrafa yayılıb. Alovun təmizlənməmiş kapotdan bacaya, oradan da dam örtüyünə keçdiyi və qısa müddətdə hoteli bürüdüyü qeyd olunub.
Mətbəx işçilərinin panikaya düşərək qorxu içində çölə çıxdığı, yanğın siqnalizasiyası işləmədiyi üçün hoteldə qalanlara yanğının başladığı barədə məlumat verilə bilmədiyi vurğulanıb.
Restoranın yerləşdiyi 4-cü mərtəbəsində, hotelin arxa girişindən başlayan yanğın sürətlə böyüyərək bütün binanı əhatə edib.
İstintaq çərçivəsində yanğında səhlənkarlığı müəyyən edilən və yanğına səbəb olduğu iddia edilən aşpaz Faysal Yavər, mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz həbs edilib.
“Grand Kartal” hotelinin həbsdə olan sahibi Halit Ergülün ifadəsi də məlum olub. O, hoteldə sonuncu yoxlamanın dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparıldığını iddia edib.
“Yanğınla bağlı heç bir nöqsan aşkarlanmayıb. Yanğına qarşı siqnalizasiya sistemi var idi. Lakin bu sistem, çox güman ki, yanğın başlayanda zədələndiyi üçün işləməyib. Tüstü detektorları işə düşüb. Anormal bir şeyi sezəndə baş aşpaz texniki işçilərə xəbər verməli idi”, - deyə Ergül qeyd edib.
Yanğından sağ çıxan aşpaz Mustafa Serbest isə baş verənləri belə izah edib: “Hər yer tüstülənmişdi, qışqırıq səsləri aləmi bürümüşdü. Cəhənnəm yaşadıq. Hoteldə yanğın detektoru var idi, amma işləmirdi. Mən yanğınsöndürən balon görmədim. Bildiyimə görə, baş aşpazın kabinetinin qarşısında biri var idi. Hoteldə suvarma sistemi yox idi. Əslində yanğın nərdivanı olub, lakin ondan şəxsi heyət istifadə edirdi. Yanğından xilasetmə pilləkənlərinin qapıları taxtadan idi”.