Oskanyan Paşinyanı satqın adlandırdı - QALMAQAL

 14:43 27.01.2025     164

Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamaları ilə faktiki olaraq qondarma “erməni soyqırımı”nı və onun miqyasını şübhə altına alıb.

Redaktor.az xəbər verir ki, Paşinyanının qondarma “erməni soyqırımı”na dair açıqlamaları Ermənistanda çoxlarını şoka salıb, qalmaqala səbəb olub. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, Paşinyanın bəyanatları bir lider kimi onun mənəvi nüfuzunu sarsıdır.

Xatırladaq ki, Nikol Paşinyan İsveçrənin Sürix şəhərində erməni icması ilə görüşündə qondarma “erməni soyqırımı”nı barədə danışarkən deyib: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? Niyə 1939-cu ildə "soyqırımı" gündəmdə yox idi, amma artıq 1950-ci ildə ortaya çıxdı?”.

Vardan Oskanyan Paşinyanı Türkiyəyə yarınmaqda, satqınlıqda ittiham edib.

Onun fikrincə, Paşinyanın “nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır” ifadəsi Türkiyənin inkar təbliğatı ilə həmahəng səslənir.

Oskanyan qeyd edib ki, ermənilərin “soyqırımın” niyə baş verdiyini araşdırıb başa düşmələrini təklif etməklə, Paşinyan məsuliyyəti qurbanların üzərinə atmış olur.

Oskanyan baş nazirin bəyanatını xəyanət hesab edib.

“Belə mövqe bildirən şəxs bütöv bir xalqı təmsil edə, onun rəhbəri ola bilməz. Bu, bağışlanması və ya diqqətdən kənarda qalması mümkün olmayan bir xəyanətdir”, - Oskanyan hiddətini ifadə edib.

Eks-nazir deyib ki, “erməni soyqırımı” ermənilərin kimliyini və dünyadakı yerini formalaşdıran bir “hadisədir”.