Finlandiya Trampa qarşı Danimarkanı dəstəkləyir
Finlandiya Baş naziri Petteri Orpo, ABŞ Prezidenti Donald Trampın Qrenlandı alma niyyətinə dair açıqlamalarına qarşı Danimarkanın mövqeyini dəstəklədiyini bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Orpo Helsinkidə keçirdiyi mətbuat konfransında Qrenland mübahisəsi və Baltik dənizində baş verən telekommunikasiya kabellərinin kəsintiləri barədə danışıb. O, Qrenlandın Danimarkaya bağlı qalmasını dəstəklədiklərini və bu mövzuda Danimarka ilə sıx əlaqə saxladıqlarını vurğulayıb.
Baş nazir Trampın açıqlamalarını əvvəlcə ciddiyə almadığını, lakin bu cür mövzuların ciddi qəbul edilməli olduğunu qeyd edərək deyib: "Heç kim sərhədləri dəyişə bilməz".
Orpo həmçinin Baltik dənizindəki telekommunikasiya kabellərinin kəsintisinin Rusiyanın müdaxiləsi ilə əlaqəli ola biləcəyini vurğulayıb və araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, Tramp Qrenlandın ABŞ-nin nəzarətində olmasını "zəruri" adlandıraraq, bu mövzuda çıxışları ilə beynəlxalq reaksiyalara səbəb olub. Baltik dənizində isə Rusiya ilə əlaqələndirilən kablo kəsintisi narahatlıq yaradıb.
Kənan YUSİF