Trampın Qəzzadan deportasiya çağırışına sərt REAKSİYA

 17:05 27.01.2025     149

ABŞ Prezidenti Donald Trampın, ərəb ölkələrini daha çox fələstinli qaçqını qəbul etməyə çağırması böyük etirazlara səbəb olub. Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Redaktor.az xəbər verir ki, məlumata görə, Fələstin Dövlət Administrasiyası, bu çağırışı "qırmızı xətlərin aşılması" kimi qiymətləndirib.

Donald Tramp çıxışında: "Mən Misir və İordaniya başda olmaqla ərəb ölkələrinin daha çox fələstinli qaçqını qəbul etməsini istəyirəm", - deyə bildirib.

Fələstin Dövlət Administrasiyası, Qəzzadakı fələstinlilərin köçürülməsinə dair hər hansı layihənin rədd edildiyini bəyan edib. Administrasiya, belə təşəbbüslərin "qırmızı xətlərin aşılması" olduğunu bildirib və "Fələstin xalqı öz torpaqlarından və müqəddəs dəyərlərindən imtina etməyəcək" mesajını verib.

Qəzzadakı yerli rəsmilər də Trampın təklifini qınayıblar. Onlar, bu çağırışın İsrailin Fələstin xalqını yerlərindən çıxarmaq üçün etdiyi cəhdlərlə üst-üstə düşdüyünü vurğulayıblar.

Trampın çağırışının ünvanlandığı İordaniya və Misirdən də sərt cavab gəlib. İordaniya Xarici İşlər Naziri Əymən əs-Safedi, Fələstinlilərin köçürülməsinə yönəlmiş hər hansı təşəbbüsü qətiyyətlə rədd etdiklərini bildirib.

Misir Xarici İşlər Nazirliyi də Trampın təklifinə qarşı çıxaraq, fələstinlilərin torpaqlarından köçürülməsinin qəbuledilməz olduğunu bəyan edib.

Kənan YUSİF