İsveçdə Quranı təhqir edən iraqlının qətlində başqa ölkənin əli ola bilər
Quran yandırma tədbirlərinin təşkilatçısı Salvan Momikinin qətlinin xarici ölkə ilə əlaqəsi ola bilər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şurası ilə görüşdən sonra mətbuat konfransında bildirib.
"Mən zəmanət verə bilərəm ki, təhlükəsizlik xidmətləri bu işdə ciddi şəkildə iştirak edir, çünki açıq-aydın xarici güclə əlaqənin olması riski var" - deyən Kristersson əlavə edib ki, bununla bağlı heç bir dəlil yoxdur. Onun sözlərinə görə, Momikinin qətlinin ölkədəki təhlükəsizlik vəziyyətinə necə təsir edəcəyini söyləmək hələ tezdir.
Milli Polis rəisi Petra Lund mərhumun şəxsi mühafizəsinin olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib: "Cəmiyyətin insanları qoruya bilməməsi faciəvi haldır, lakin mən ayrı-ayrı hallarda şərh verə bilmərəm".
38 yaşlı iraqlı qaçqın Momika Stokholmun cənubundakı Sodertalje yaşayış binasında güllələnib. Prokurorluqdan verilən məlumata görə, iş üzrə 5 nəfər saxlanılıb. Mediada yayılan xəbərlərə görə, hadisə zamanı Momika "TikTok"da canlı yayım edirdi və cinayətin bəzi görüntüləri videoya çəkilmiş ola bilər, lakin polis hələlik bu məlumatı təsdiqləməyib.
Cümə axşamı Stokholm Dairə Məhkəməsi Momikini "millət zəminində nifrətə çağırış" ittihamı ilə cəzalandırmalı idi. Amma “təqsirləndirilənlərdən birinin öldüyü təsdiqləndiyi üçün” hökm təxirə salınıb. İsveç prokurorluğu Momikanı "millət zəminində nifrətin qızışdırılması" maddəsi ilə ittiham edib. O, 2023-cü ilin yayında Stokholmda dörd yerdə Quranın yandırılması ilə bağlı dörd insidentdə ittiham olunub.
Cinayət əməllərinin sübutu hərəkətlərin baş verdiyi yerlərin video çəkilişləri ilə təmin edilir. İlk dəfə olaraq 2023-cü il iyunun 28-də bütün dünya müsəlmanları əsas dini bayramlardan biri olan Qurban bayramını qeyd edərkən, Stokholmun mərkəzindəki meydanda müsəlmanların müqəddəs kitabı yandırılıb.
Turan İSMAYIL