Fələstinli əsirləri daşıyan Qızıl Xaç nümayəndələri ünvana çatdı

 20:57 30.01.2025     72

HƏMAS və İsrail arasındakı əsir mübadiləsinin üçüncü mərhələsində azad edilən fələstinli əsirləri daşıyan Qızıl Xaç karvanı İordan çayının Qərb sahilində Ramallah şəhərinə bağlı Beytunya qəsəbəsinə çatıb. Azad edilən fələstinlilər burada yaxınları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Redaktor.az xəbər verir ki, işğal altındakı İordan çayının Qərb sahilində yerləşən Ofer Hərbi Həbsxanasından çıxan karvan Ramallaha doğru yola düşüb.

Fələstinlilər əsir mübadiləsinin üçüncü mərhələsində azad edilən fələstinliləri qarşılamaq üçün Beytunyada toplaşıb.

İsrail ordusu çox sayda hərbi texnika və buldozerlərlə qəsəbəyə basqın edərək bölgədəki fələstinliləri ərazidən uzaqlaşdırmağa çalışıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin müdaxiləsi nəticəsində 3 nəfərin real güllə, 3 nəfərin isə plastik güllə ilə yaralandığını, 8 nəfərin isə gözyaşardıcı qazdan təsirləndiyini açıqlayıb.

Kənan YUSİF