ABŞ-nin OPEC-ə neft qiymətlərini aşağı salmaq çağırışı qəbuledilməzdir - Rusiya

 23:06 03.02.2025     83

Rusiya Baş nazirinin müavini Aleksandr Novak, ABŞ-nin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) neftin qiymətini ucuzlaşdırmaq çağırışını “qəbuledilməz” adlandırıb.

Redaktor.az xəbər verir ki, Novak, OPEC və Rusiyanın da daxil olduğu OPEC+ ölkələrinin iclası çərçivəsində "Rossiya-24" dövlət kanalına açıqlama verib.

Neft bazarındakı vəziyyəti aylıq əsasda izləməyə davam edəcəklərini bildirən Novak deyib: "1 aprel tarixindən başlayaraq mərhələli artım təqviminə uyğun olaraq, 2023-cü ildə qəbul edilən könüllü istehsal azaldılmasını 1,5 il ərzində tədricən azaldacağıq".

ABŞ-nin yeni administrasiyasının neft bazarında yeni problemlər yaratdığını vurğulayan Novak, OPEC-ə bazar payını artırmaq üçün neft qiymətlərini qeyri-rəqabətcil şəkildə azaltmaq çağırışı edildiyini söyləyib. 

OPEC+ ölkələrinin əldə edilən razılaşmalara sadiq qaldığını xatırladan Novak bildirib: "Qlobal neft bazarının fəaliyyətinə süni və ədalətsiz müdaxilə cəhdləri qəti şəkildə qəbuledilməzdir".

Kənan YUSİF