2030-cu ildə 75 milyon insan xərçənglə yaşayacaq - Bu riski azaldan 12 vacib qayda

 17:15 04.02.2025     148

Xərçəng həm dünyada, həm də ölkəmizdə ciddi səhiyyə problemi olaraq qalır. Görülmə tezliyinə görə ikinci yerdə qərarlaşsa da, ölüm səbəbləri arasında birinci sıraya yüksəlir. Hər il dünyada təxminən 18 milyon yeni xərçəng halı aşkarlanır və təxminən 9,6 milyon insan bu xəstəlik səbəbilə həyatını itirir.

2030-cu ildə xərçənglə yaşayanların sayı 75 milyona çatacaq

Redaktor.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına əsasən, 2030-cu ildə dünyada 27 milyon yeni xərçəng hadisəsi qeydə alınacaq və 17 milyon insan xərçəngdən vəfat edəcək. Həmin ildə xərçənglə yaşayan xəstələrin sayının isə 75 milyona çatacağı gözlənilir. Xüsusilə inkişaf etmiş ölkələrdə 60 yaş və yuxarı şəxslərdə daha çox müşahidə olunan xərçəng halları son illərdə 40 yaşdan etibarən daha geniş yayılmağa başlayıb.

Gənc yetkinlər arasında xərçəng hallarının artmasında genetik faktorlarla yanaşı, qeyri-sağlam qidalanma, azhərəkətli həyat tərzi, siqaret və alkoqol istifadəsi, piylənmə, hava çirkliliyi, kimyəvi maddələrə məruz qalma və zərərli ultrabənövşəyi şüalar mühüm rol oynayır.

Tibbi onkologiya üzrə mütəxəssis, professor Ali Arıcan Türkiyənin "Hürriyet" qəzetinə bildirib ki, sağlam həyat tərzi vərdişlərinin qazanılması və mütəmadi tibbi müayinələrin aparılması xərçəng riskini tamamilə aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azalda bilər. O, xərçəngdən qorunmaq üçün diqqət yetirilməli olan 12 qaydanı açıqlayıb:

Xərçəng riskini azaldan 12 qayda

1. Siqareti tərgidin

Siqaret çəkmək, xüsusilə ağciyər xərçəngi olmaqla, ən azı 16 fərqli xərçəng növünün inkişafına səbəb ola bilər. Araşdırmalar göstərir ki, ağciyər xərçənginin 90%-i siqaret və tütün məhsulları ilə əlaqəlidir. Siqaretin tərkibindəki zərərli kimyəvi maddələr hüceyrələrə ziyan vurur və DNT-də dəyişikliklər yaradaraq xərçəngin yaranmasına zəmin hazırlayır.

2. Gündə ən az 5 pors meyvə və tərəvəz yeyin

Gündə ən azı 5 pors tərəvəz və meyvə, həmçinin tam taxıl və sağlam yağlardan ibarət pəhrizin qəbul edilməsi xərçəng riskini azalda bilər. İşlənmiş ət və həddindən artıq qırmızı ətin istehlakını məhdudlaşdırmaq da vacibdir.

3. İşlənmiş, duzlu və həddindən artıq bişmiş qidalardan uzaq durun

Nitrat və nitritlər kimi kanserogen maddələr ehtiva edən işlənmiş ətlər, duzlu və həddindən artıq qızardılmış qidalar xərçəng riskini artırır. Xüsusilə kömürləşmiş ət məhsulları və çox isti içkilər mədə və yemək borusu xərçəngi üçün təhlükəlidir.

4. Həftədə ən az 150 dəqiqə idman edin

Nizamlı fiziki fəaliyyət piylənmənin qarşısını alır, hormon səviyyələrini tənzimləyir və immun sistemini gücləndirir. Gündəlik gəzinti, qaçış və ya digər idman növləri xərçəngdən qorunmağa kömək edir.

5. İdeal çəkinizi qoruyun

Piylənmə, döş, yoğun bağırsaq və uşaqlıq xərçəngi də daxil olmaqla, bir çox xərçəng növü üçün risk faktorudur. Sağlam çəkiyə sahib olmaq xərçəng riskini azaldır.

6. Alkoqol istifadəsini məhdudlaşdırın

Alkoqol qida borusu və mədəaltı vəzi xərçəngi kimi bir çox növün yaranma riskini artırır. Hüceyrə DNT-sinə ziyan vura və immun sistemini zəiflədə bilər.

7. Mütəmadi tibbi müayinələrdən keçin

Xərçəngin erkən diaqnozu müalicənin uğur şansını artırır. Döş xərçəngi üçün mammoqrafiya, yoğun bağırsaq və uşaqlıq boynu xərçəngi üçün tarama testləri vaxtında aparılmalıdır.

8. Zərərli kimyəvi maddələrdən qorunun

Asbest, qurğuşun, civə, arsen və pestisidlər kimi toksinlərə məruz qalmaq xərçəng riskini artırır. Mümkün olduqca bu maddələrdən uzaq durmaq və təhlükəsiz iş şəraitinin təmin edilməsi vacibdir.

9. Peyvəndlərinizi etdirməyi unutmayın

Bəzi viruslar xərçəngin yaranmasına səbəb ola bilər. Məsələn, insan papilloma virusu (HPV) uşaqlıq boynu xərçənginə, hepatit B isə qaraciyər xərçənginə yol aça bilər. Bu viruslara qarşı peyvənd olunmaq riski azalda bilər.

10. Günəşin zərərli şüalarından qorunun

Ultrabənövşəyi şüalar dəri xərçənginə səbəb ola bilər. Günəşə çıxarkən qoruyucu krem çəkmək, şapka taxmaq və uzunmüddətli günəş şüalarına məruz qalmamaq tövsiyə edilir.

11. Ailəvi genetik riskləri araşdırın

Əgər ailənizdə xərçəng xəstəliyi olanlar varsa, genetik testlər və mütəmadi müayinələr barədə həkiminizlə məsləhətləşmək vacibdir.

12. Stresdən uzaq durun

Xroniki stres immun sistemini zəiflədə bilər və zərərli vərdişlərə (siqaret, alkoqol istifadəsi) səbəb ola bilər. Meditasiya və rahatlama texnikaları ilə stres səviyyəsini aşağı salmaq tövsiyə edilir.

Xərçəngdən qorunmaq üçün sağlam həyat tərzi seçimləri etmək və mütəmadi tibbi müayinələrdən keçmək vacibdir. Erkən diaqnoz və profilaktik tədbirlər həyat qurtara bilər (Qaynarinfo).