Qəzzada atəşkəsi qorumaq üçün hamımızın üzərinə böyük məsuliyyət düşür - Ərdoğan

 23:24 05.02.2025     72

Qəzzada atəşkəs daimi olmalıdır və bunun məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə düşür.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə danışıqların yekunu üzrə deyib.

"Qəzza zolağında elan edilmiş atəşkəs rejimini qorumaq üçün hamımızın üzərinə böyük məsuliyyət düşür. Beynəlxalq ictimaiyyət olaraq Fələstin probleminin iki dövlətli həll yoluna əsaslanaraq həlli istiqamətində səylərimizi davam etdirməliyik", - Türkiyə lideri bildirib.

Xatırladaq ki, Ankara daha əvvəl bəyan etmişdi ki, Yaxın Şərqdə sülh yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin Dövlətinin yaradılması ilə mümkündür.

Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın bərpası, Ukrayna və Qəzza zolağında münaqişələrin həlli məsələlərində Almaniya ilə əməkdaşlığı davam etdirəcək. "Biz Suriyanın davamlı sülh və rifah olan bir ölkə olmasını istəyirik. Ümid edirəm ki, Almaniya Türkiyənin Suriyanın yenidən qurulması səylərinə lazımi dəstəyi verəcək", - Türkiyə Prezidenti deyib.

Turan İSMAYIL