“Crocus”da törədilən terror aktı ilə bağlı istintaq başa ÇATDI
“Crocus”da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı araşdırmasını başa çatdırıb, tərəflər materiallarla tanış olmağa başlayıblar.
“Crocus”da terror aktı işi üzrə təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, onlar işin mahiyyəti üzrə baxılması üçün martın sonunda, faciənin ildönümündə məhkəməyə təqdim ediləcəyini gözləyirlər.
"İş üzrə istintaq hərəkətləri başa çatıb, tərəflər işin materialları ilə tanış olmağa başlayıblar. Qanunvericiliyə görə, bunu ilk dəfə zərərçəkmişlər edir və onların sayı minə yaxındır. Ona görə də işin tez bir zamanda baxılması üçün məhkəməyə verilməsi ehtimalı azdır", - deyə təqsirləndirilən şəxslərdən birinin vəkili Oleq Vlasov bildirib.
Qeyd edək ki, Crocus City Hall-da terror aktı 22 mart 2024-cü ildə Moskva vaxtı ilə təxminən 20:00-da baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum edənlər konsert salonunda dinc insanlara atəş açıb, zalı yandırıb, sonra isə binanı tərk edərək avtomobillə qaçıblar. Hücum nəticəsində 6-sı uşaq olmaqla 145 nəfər həyatını itirib, 551 nəfər isə yaralanıb.Partlayışlar və yanğın nəticəsində konsert zalının binası demək olar ki, tamamilə dağılıb.
İŞİD beynəlxalq terror təşkilatının Əfqanıstan qolu "Vilayət Xorasan" terror aktına görə məsuliyyəti öz üzərinə götürdü. Terror aktında iştirak edən terrorçuların dəqiq sayı rəsmi olaraq açıqlanmayıb, lakin məlumatlara görə, onların sayı beş nəfərdən çoxdur. Rusiyada məlum cinayətlə bağlı 10-dan çox adamın saxlanıldığı, onlardan dördünün ehtimal edilən cinayətkarlar olduğu bildirilir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, onların dördü də xarici vətəndaşdır.