Tramp Qəzzanı yenidən qurmaq üçün Ərəb ölkələrinə təzyiq etmək istəyir - KİV

 23:50 06.02.2025     102

ABŞ Prezidenti Donald Tramp Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına Fələstin anklavını Amerikanın nəzarətinə keçirəcək Qəzzanın yenidən qurulması layihəsini maliyyələşdirməsi üçün təzyiq etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə Londonda çıxan “Middle East Eye” nəşri adı açıqlanmayan amerikalı məmura istinadən yazıb.

Onun sözlərinə görə, Tramp administrasiyasının planı Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına Qəzzada sahilyanı ərazilərə hüquq verəcək və həmin ərəb monarxiyalarının tikinti şirkətlərinə anklavda hündürmərtəbəli yaşayış binalarının tikintisinə başlamaq imkanı verəcək. "Middle East Eye" mənbəsinin sözlərinə görə, tikinti müqavilələri Qəzza sakinlərinin digər ərəb ölkələrinə köçürülməsi və anklavın bərpasının maliyyələşdirilməsi üçün kompensasiya olacaq.

Bununla belə mənbə qeyd edib ki, Fars körfəzi dövlətləri Trampın planını dəstəkləməyib və əks təkliflə çıxış etməyiblər ki, bu da ABŞ prezidentinin müşavirlərinin narazılığına səbəb olub. İmtinadan sonra Tramp Qəzza zolağının yenidən qurulması üçün təklif etdiyi planı maliyyələşdirmək üçün Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına təzyiq etmək qərarına gəlib.

Qeyd edək ki, fevralın 4-də Tramp Ağ Evdə danışıqlardan sonra İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağının Yaxın Şərqdə sülhün maraqları naminə inkişaf etdirilməsi üçün onun uzunmüddətli mülkiyyətini nəzərdən keçirir. O, həmçinin fələstinlilərin anklavdan regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu və bunun üçün pul ödəyə biləcəyini söylədi. Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar lazım bildiyi təqdirdə Qəzzaya əsgərlərini göndərməyə hazırdır. Cümə axşamı Ağ Evin mətbuat katibi Karoline Levitt bildirib ki, Vaşinqton zolağa qoşun göndərmək və ya onun bərpasını Amerika vergi ödəyiciləri hesabına maliyyələşdirmək niyyətində deyil.

Yanvarın sonunda ABŞ prezidenti ərəb ölkələrində gedən döyüşlər nəticəsində evlərini itirmiş qəzzalıların məskunlaşdırılmasını mümkün hesab etdiyini açıqlayıb və bu kontekstdə Misir və İordaniyanı xatırladıb. Onun sözlərinə görə, söhbət anklavdan kənara köçürülməli olan 1,5 milyon insandan gedir. Ertəsi gün İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi krallığın fələstinlilərin Zolaqdan zorla çıxarılmasına qarşı olduğunu vurğulayıb. Misir Xarici İşlər Nazirliyi Fələstin xalqının hüquqlarının, o cümlədən onların torpaq hüquqlarının pozulmasını qəbuledilməz adlandırıb. Digər ərəb ölkələri, eləcə də Qəzzaya nəzarət edən HƏMAS hərəkatı Trampın ideyasına qarşı çıxıb.

Turan İSMAYIL