Ölmədən öncə ilk dəfə insan beyninə baxıldı: Həyatımız həqiqətən gözümüzün qabağından keçirmi?

 17:15 07.02.2025     139

Alimlər ilk dəfə ölüm anında insan beynində baş verənləri qeydə alıblar. Araşdırmalar göstərir ki, beyin dalğalarındakı dəyişikliklər ölüm zamanı yaddaş və emosional mərkəzləri aktivləşdirə bilər.

Redaktor.az-ın yerli mediaya istinadla məlumatına görə, beynimizin necə işlədiyi və ölüm anında baş verənlər bəşər tarixinin ən böyük sirlərindən birinə çevrilib. Lakin alimlər ilk dəfə ölüm ayağında olan insan beynini qeydə alaraq bu böyük sirri işıqlandıra biliblər. ABŞ-də aparılan araşdırmada 87 yaşlı kişinin ölüm anındakı beyin fəaliyyətləri elektroensefaloqramma (EEQ) ilə izlənilib və əldə edilən məlumatlar olduqca təəccüblü olub.

Tədqiqat  epilepsiya xəstəsi olan 87 yaşlı xəstənin beyin dalğaları ölümündən 15 dəqiqə sonraya qədər qeydə alınıb. Araşdırmanın aparıcı həkimi Ajmal Zemmar, EEG nəticələrində diqqətəlayiq bir vəziyyətlə qarşılaşdıqlarını bildirib.

Ölüm anında beyində "qamma salınımları" adlanan dalğalanmaların artdığı müşahidə edilib. Qamma dalğaları yaddaş, qavrayış, hərəkət və duyğular arasında əlaqə quran kritik beyin funksiyaları ilə əlaqələndirilir. Bu dalğaların artması, insanın ölümdən əvvəl vacib xatirələrini xatırlaması ehtimalını artırır.

Beyində qamma dalğalarının artması insanların ölməzdən əvvəl keçmiş həyatlarının xatirələrini nəzərdən keçirdikləri nəzəriyyəsini dəstəkləyir. Dr. Zemmar araşdırmayla bağlı bunları deyib:

“Beyin ölüm zamanı yaddaşla əlaqəli bölgələri aktivləşdirə bilər. Bu, insanların ölüm anında həyatlarının ən vacib anlarını yenidən yaşadıqlarını göstərən əvvəlki təcrübəyə uyğundur."

Qeyd edək ki, əvvəlki tədqiqatlarda oxşar beyin dalğaları ölməkdə olan siçanlarda da müşahidə edilib, lakin bu fenomenin ilk dəfə insanlarda aşkarlanması böyük elmi irəliləyiş hesab olunur.

Vasif ƏLİHÜSEYN