Meymun Şri-Lankanın işıqsız qalmasına səbəb OLDU
![](https://img.redaktor.az/news/2025/02/photo_269839.webp)
Şri-Lankada meymun elektrik stansiyasına daxil olaraq təsadüfən bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə “The Economic Times” yazıb.
Energetika naziri Kumar Cayakodinin sözlərinə görə, heyvan Kolombonun ətrafında şəbəkə transformatoruna ziyan vurub. Bunun nəticəsində Şri-Lankada elektrik enerjisi yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 10:00) kəsilib.
“Meymun şəbəkə transformatorumuza ilişib və bu, sistemdə fasilələrə səbəb olub. Hadisə Kolombonun cənubundakı ətraf ərazidə baş verib. İşlər aparılır, bəzi ərazilərdə elektrik təchizatı bərpa edilib”, – nazir vurğulayıb.
Energetika naziri ölkədə elektrik təchizatının tam bərpası müddətini açıqlaya bilməyib. “Mühəndislər elektrik təchizatını mümkün qədər tez bərpa etməyə çalışırlar”, – Cayakodi əlavə edib.
2022-ci ildəki iqtisadi böhran zamanı Şri-Lanka uzunmüddətli elektrik enerjisi çatışmazlığı ilə üzləşmişdi. Yanacaq çatışmazlığı elektrik stansiyalarını 13 saata qədər davam edən gündəlik kəsintilər tətbiq etməyə məcbur etmişdi.