İranda Məhsa Əmininin ölümünü işıqlandıran jurnalistə bəraət verildi

 21:40 11.02.2025     59

İranda 2022-ci ildə polis nəzarətində olarkən həyatını itirən Məhsa Əmininin xəstəxanadakı görüntülərini yayımladığına görə mühakimə olunan jurnalist Nilufər Həmidiyə bəraət verilib.

Redaktor.az xəbər verir ki,  "Sharghdaily" xəbər saytının məlumatına görə, Tehran Temyiz Məhkəməsi Həmidinin "düşmən ölkə (ABŞ) ilə əməkdaşlıq etmək" ittihamından bəraət aldığını, digər ittihamlarının isə əfv edildiyini açıqlayıb.

Qeyd edək ki, bundan öncə Tehran İnqilab Məhkəməsi, Həmidiyə "ABŞ ilə əməkdaşlıqdan" 7 il, "ölkə təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdən" 5 il və "rejim əleyhinə təbliğat aparmaqdan" 1 il həbs cəzası vermişdi.

Jurnalist 22 sentyabr 2022-ci ildən 14 yanvar 2024-cü ilə qədər 17 ay həbsdə qaldıqdan sonra girov müqabilində azadlığa buraxılmışdı.

Məhsa Əmininin dəfn mərasimini işıqlandırdığı üçün məhkəməyə çıxarılan digər jurnalist Elahe Mühəmmədinin işinə dair isə hələ qərar verilməyib.

Kənan YUSİF